AZ

Əfqanıstanda qızlara Azərbaycan dili dərsləri keçirilir - FOTO

Əfqanıstanda Taliban rəhbərliyi qadınların və qız uşaqlarının təhsilə çıxışını qadağan edən tətbiqi rəsmi və daimi dövlət siyasəti səviyyəsinə qaldırıb. Hərəkatın hakimiyyətə gəlişindən sonra tətbiq etdiyi məhdudiyyətlər artıq müvəqqəti tədbir kimi deyil, idarəçilik modelinin əsas elementlərindən biri kimi təqdim olunur.

Bu qərar nəticəsində ölkə üzrə təxminən 2,2 milyon qız uşağı təhsil almaq imkanından məhrum qalıb və onların məktəbə qayıtması ilə bağlı hər hansı yumşalma müşahidə edilmir.

Son qadağalara qədər Əfqanıstanda səfirliyin dəstəyi ilə fəaliyyət göstərən təşəbbüslər çərçivəsində Əfşar türklərindən olan Əli Sina Əfşar nişanlısı ilə birlikdə həm qız, həm də oğlan şagirdlərə Azərbaycan dili və tarix fənlərini tədris edirdi. Tədris prosesi milli kimliyin, ana dilinin və tarixi yaddaşın qorunmasına xidmət edirdi.

Bizim.Media xəbər verir ki, Modern.az məsələ ilə bağlı son vəziyyəti öyrənmək üçün Əli Sina Əfşarla əlaqə saxlayıb.

O bildirib ki, rəhbərlik etdiyi təhsil mərkəzində Azərbaycan dili və tarixi üzrə dərslər hazırda da davam etdirilir.

"Lakin mövcud qaydalara əsasən, qızların təhsili 6-cı sinfə qədər məhdudlaşdırılıb. Oğlan şagirdlər üçün isə belə bir məhdudiyyət yoxdur və onlar 12 illik tam orta təhsil ala bilirlər".
 

Əli Sina Əfşar qeyd edib ki, tədris mərkəzi nişanlısı Kəmalə Əfşarla birgə idarə olunur. Kəmalə Əfşar da dərs prosesində fəal iştirak edir, eyni zamanda Azərbaycan dili və tarixi sahəsində biliklərini daha da artırır.


"Mərkəzdə qadın müəllimlərin də fəaliyyət göstərməsi mövcud çərçivə daxilində qızların təhsilini davam etdirməsinə müəyyən imkan yaradır".

Sonda Əli Sina Əfşar vurğulayıb ki, əsas məqsədləri Əfqanıstanda Azərbaycan dilini və milli kimliyi qoruyub saxlamaqdır.

Onun sözlərinə görə, tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər və mövcud şəraitdə ana dilinin yaşadılması üçün səylərini əsirgəmirlər.









Bizim.Media

Seçilən
0
1
bizim.media

10Mənbələr