AZ

Psixoloq: “Valideynlər çox vaxt qəmginliklə mutizm arasındakı fərqi ayıra bilmirlər”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Uşaqlar bəzən kədərli və qəmgin ola bilirlər, amma valideynlər və müəllimlər bunun səbəbini həmişə dərhal anlamaya bilirlər. Uşağın emosional vəziyyəti onun gündəlik davranışına və sosial münasibətlərinə birbaşa təsir göstərir. Bu səbəbdən, qəmgin uşaqlara dəstək olmaq və səbəbləri anlamaq üçün peşəkar mütəxəssislərlə danışmaq çox vacibdir.Uşağın qəmgin, kədərli olması hansı əsas səbəblərdən qaynaqlana bilər?Evdə valideynlər uşağın kədərini anlamaq və dəstək olmaq üçün nə edə bilər?

Psixoloq Aytən Ələkbərova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşağın qəmgin və kədərli olması ailə-məişət problemlərindən qaynaqlanır: “Uşaqlarda bu cür vəziyyətlərə bəzən rast gəlinir. Bəzən də uşaqlarda mutizm müşahidə olunur. Valideynlər çox vaxt qəmginliklə mutizm arasındakı fərqi ayıra bilmirlər. Eyni şəkildə, utancaqlıqla sosial fobiya arasındakı fərqi bilmədiklərinə görə bəzən uşaqlardakı mutizmi düzgün qiymətləndirmirlər.

Mutizm iki növə ayrılır: selektiv və total. Selektiv mutizmdə uşaqlar yalnız istədikləri adamlarla ünsiyyət qururlar. Total mutizmdə isə ümumiyyətlə ünsiyyət qurmaq istəmirlər. Bu hallar zamanla uşağın qəmgin olmasına da səbəb ola bilər.

Bəzən uşağın qəmgin və kədərli olması ailə-məişət problemlərindən qaynaqlanır. Yaxud yaşıdları ilə dostluq münasibətləri qura bilmədikdə və ya dərslərini hazırlaya bilmədikdə, səbəbini isə özü də anlamadıqda bu hal müşahidə olunur. Məsələn; valideyn hər hansı bir tələb irəli sürür, lakin uşaq qəmgin və kədərli vəziyyətdə olur, cavab verə bilmir, sadəcə susur və məsum göz yaşlarını axıdır”.

Aytən Ələkbərova

Aytən Ələkbərova vurğulayıb ki, insanların qan qrupları fərqli olduğu kimi, psixotipləri və stereotipləri də müxtəlifdir: “Bu cür hallarda valideynlər uşağın kədərinin səbəbini anlayıb-anlamadıqlarını müəyyən etmək üçün mütləq şəkildə mütəxəssisə müraciət etməlidirlər. Ola bilər ki, uşaq həddindən artıq pozitiv, hər zaman şən olduğu halda birdən-birə sanki qəmli və kədərli olmağı üstünlük versin. Özünə qapanar, heç kimlə ünsiyyət qurmaq istəməz.

Məhz belə zamanlarda valideynlər müəyyən müddət müşahidə apardıqdan sonra deyirlər ki, “son 10 gündür belədir” və ya “son 3 aydır bu hal davam edir”. Diqqət yetirmək lazımdır ki, bu vəziyyət hansı mövsümdə özünü göstərib. Çünki bəzi hallarda anadangəlmə və ya xroniki yorğunluq müşahidə olunur və bu yorğunluq səbəbsiz ağlamalarla müşayiət edilə bilər.

Hazırda görürük ki, kurikulum sistemində bir çox xəstəliklər sanki biologiya dərsində öyrədilir. Məsələn; yaxın zamanda müraciət edən 12-13 yaşlı (kiçik yeniyetməlik dövründə olan) bir uşaq gecə-gündüz ağlayır, özünə qapanmış vəziyyətdə idi. Söhbət zamanı məlum oldu ki, uşaq özünün talassemiya xəstəsi olduğunu, qan xərçəngindən əziyyət çəkdiyini düşünür. Bu mövzu dərsdə keçildiyi üçün yeniyetmələr bəzən həmin xəstəlikləri özlərində “süni şəkildə” axtarmağa başlayırlar. Bu isə onların yenidən kədərlənməsinə səbəb ola bilər. Ona görə də hər uşağın öz dünyası, öz psixi xüsusiyyətləri var. Necə ki, insanların qan qrupları fərqlidir, eləcə də psixotipləri və stereotipləri müxtəlifdir. Uşaqlarla fərdi xüsusiyyətlərinə uyğun şəkildə mütəxəssis məşğul olduqda, istənilən müsbət nəticəni əldə etmək mümkündür”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
bizimyol.info

1Mənbələr