AZ

Daha 40 nəfər işsiz şəxs ANAMA ilə birgə təşkil olunan peşə hazırlığı kursuna cəlb edilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında əməkdaşlıq çərçivəsində növbəti “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” peşəsi üzrə hazrlıq kursuna başlanıb.

QHT.az xəbər verir ki, kursa 40 nəfər işsiz şəxs cəlb edilib. Müdavimlər üçün ANAMA tərəfindən “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” istiqamətlərində xüsusi təlimlər təşkil olunur. Təlimlər zamanı iştirakçılara mina təhlükəsi ilə bağlı davranış qaydaları, əməliyyat prosedurları və təhlükəsizlik standartları barədə ətraflı məlumat verilir.

Müdavimlər texniki standartlar və təhlükəsizlik tələbləri, təhlükənin idarə olunması, ilkin tibbi yardımın əsasları, zərərçəkmişlərin təxliyəsi, eləcə də istehsalat və əməliyyat mühitində texniki təhlükəsizlik qaydaları üzrə nəzəri və praktik biliklər əldə edirlər.

Qeyd edək ki, ANAMA ilə Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində indiyədək təşkil olunmuş kurslara ümumilikdə 331 nəfər cəlb olunub.

Kursları bitirmiş şəxslər işğaldan azad edilmiş ərazilərdə icra olunan humanitar minatəmizləmə fəaliyyətində iştirak edərək, ərazilərin mina və digər partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına öz töhfələrini verirlər.

Seçilən
0
1
qht.az

2Mənbələr