GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri İranın həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyərək cavab tədbirləri görəcəklərini bəyan ediblər.
Globalinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yaydığı açıqlamada İranın addımlarını “kobud təcavüz” və region ölkələrinin suverenliyinin pozulması kimi qiymətləndirib.
Bildirilib ki, BƏƏ, Bəhreyn, Qətər, Küveyt və İordaniya ilə həmrəylik nümayiş etdirilir və beynəlxalq hüququn pozulmasının davam edəcəyi təqdirdə bunun ciddi nəticələrinin olacağı vurğulanır.
Qətər Xarici İşlər Nazirliyi isə bəyan edib ki, ölkə ərazisinə ballistik raket zərbələrinin endirilməsi milli suverenliyin kobud şəkildə pozulmasıdır. Rəsmi Doha bu hücumu regionda təhlükəsizlik və sabitliyə təhdid adlandıraraq beynəlxalq hüquqa uyğun cavab vermək hüququnu saxladığını açıqlayıb.
Küveyt Xarici İşlər Nazirliyi İranın zərbələrini ölkənin hava məkanının açıq şəkildə pozulması kimi xarakterizə edib. Açıqlamada qeyd olunub ki, Küveyt hücumun miqyasına uyğun cavab vermək hüququna malikdir və hərbi gərginliyin artmasının regionun sabitliyini sarsıdacaq.
Eyni mövqeni Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi də səsləndirib. Qurum İranın ballistik raket hücumu həyata keçirdiyini açıqlayıb. Bildirilib ki, raketlərin zərərsizləşdirilməsi zamanı qalıqlar Əbu-Dabidə yaşayış məntəqəsinə düşüb və nəticədə bir nəfər həyatını itirib. BƏƏ rəhbərliyi ölkə ərazisini və vətəndaşlarını qorumaq üçün bütün zəruri addımları atmaq hüququnu özündə saxladığını bəyan edib.
Ekspertlər hesab edir ki, bu bəyanatlar Yaxın Şərqdə onsuz da yüksək olan gərginliyin daha da artacağı ehtimalını gücləndirir.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.