AZ

Kristiano Ronaldo penaltini qaçırdı, zədə aldı – ARENA.AZ

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2025/2026-cı illər mövsümünün 24-cü turu çərçivəsində keçirilmiş “Əl-Fayha” ilə oyunun iştirakçısı olub.

Ronaldonun komandası səfər oyunundan qələbə ilə ayrılıb – 3:1. Portuqal futbolçu bu matça start heyətdə başlasa da, 81-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. Ehtiyat oyunçular skamyasında onun bud əzələsinə buz qoyulub. Ronaldo bu matçın 11-ci dəqiqəsində penaltidən dəqiq yararlana bilməyib.

“Əl-Nəsr” 24 turdan sonra 61 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda 24 oyunda 20 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 26 oyuna 22 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 131 oyun, 115 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.

Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
11
10
arena.az

10Mənbələr