Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
Hakimiyyet.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı regionda gərgin vəziyyət və davam edən hərbi eskalasiya müzakirə olunub. Bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyətlə bağlı dərin narahatlıq ifadə olunub.
Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub.
Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı çərçivəsində, həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksəksəviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.