AZ

“ResearchEx” platforması Azərbaycan Universitetinin rəhbərliyinə təqdim olunub

Tədqiqatçılar üçün nəzərdə tutulan “ResearchEx” platformasının ideya müəllifi və təsisçiləri İbrahim Həsənov və Timuçin Əsədzadə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə görüşüblər.

AzEdu.az xəbər verir ki, görüşün məqsədi rektora layihə haqqında məlumat vermək və əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Görüşdə elmi işlər üzrə prorektor Yusif Qasımov və rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva da iştirak edib. İbrahim Həsənov və Timuçin Əsədzadə qeyd ediblər ki, “ResearchEx” dünyanın tədqiqatçılar üçün “hamısı bir yerdə” (all-in-one) konseptində ilk platforması olaraq nəzərdə tutulub. Layihənin əsas məqsədi tədqiqatçılara bütün zəruri alətləri vahid platformada təqdim etməkdir. Bu ay istifadəyə verilməsi nəzərdə tutulan “ResearchEx” istifadəçilərə digər tədqiqatçılarla birbaşa ünsiyyət və əməkdaşlıq, ekspertlərlə onlayn müsahibələrin təşkili, sorğuların hazırlanması və aparılması, süni intellekt əsaslı tədqiqat köməkçisindən istifadə, tədqiqat üçün maliyyə mənbələrinin axtarılması, forumlarda iştirak və bu kimi imkanlar yaradacaq.

Layihə ilə tanış olan rektor qeyd edib ki, ölkənin bütün ali məktəblərində təhsil alan tələbələrin innovativ ideyaları Azərbaycan Universiteti üçün eyni dərəcədə dəyərlidir. Elm və innovasiya rəqabət deyil, əməkdaşlıq mühiti
tələb edir. Məhz buna görə də rəhbərlik etdiyi universitet istedadlı gənclərin təşəbbüslərinə və onların inkişafına dəstəyi öz missiyasının tərkib hissəsi hesab edir. Səadət Əliyeva layihə komandasına uğurlar arzulayıb və “ResearchEx” platformasının milli innovasiya ekosisteminə böyük töhfə olacağını vurğulayıb. Görüş layihə ətrafında fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, layihənin ideya müəllifi və təsisçiləri ADA Universitetində təhsil alırlar. İbrahim Həsənov Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs, Timuçin Əsədzadə isə Şəhərsalma ixtisası üzrə I kurs tələbəsidir.

Seçilən
18
5
azedu.az

6Mənbələr