AZ

Bakıda Məşqçilər Forumunun açılış mərasimi keçirilir

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumu açılış mərasimi ilə baş tutub.

İdman.Biz xəbər verir ki, Bakı Kristal Zalında baş tutan tədbirdə nazir Fərid Qayıbov, federasiya rəsmiləri və idman mütəxəssisləri iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Fərid Qayıbov məşqçiləri salamlayaraq idman həftəsi çərçivəsində bir sıra tədbirlərin keçiriləcəyini qeyd edib:

"5 Mart – Bədən Tərbiyəsi və İdman Günüdür. Demək olar ki, bütün rayonlarımızda olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycan idmanı dünya arenalarında tanınır və uğurlu nəticələr əldə edir. Bu il Bakı dünyanın idman paytaxtı elan olunub. Məşqçilərin I Forumunda həm yerli, həm də xarici mütəxəssislər iştirak edir. Dünyada bütün sahələr kimi idman da sürətlə inkişaf edir. Məşqçilərimiz müasir üsullardan istifadə edir, lakin daim öyrənmək vacibdir. Bu forum məşqçilərimiz üçün əhəmiyyətli bir platformadır. Hər birinizə iştirakınıza görə təşəkkür edirəm".

Forumun panel iclaslarında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti və olimpiya çempionu Namiq Abdullayev, eləcə də Azərbaycanın badminton yığmasının baş məşqçisi Morteza Validarvi iştirak edəcəklər.

Həmçinin Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadə və Hacettepe Universitetinin İdman Elmləri Fakültəsinin Bədən tərbiyəsi və idman fiziologiyası bölməsinin Heyvanlar üzərində tədqiqatlar laboratoriyasının rəhbəri Haydar Demirel “Dopinq” mövzusunda panel iclasına qatılacaqlar.

İdman.Biz
Seçilən
0
2
idman.biz

3Mənbələr