AZ

“AzerGold” QSC Daşkəsəndə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirib

“AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi, eləcə də bu sahədə risklərin azaldılması məqsədilə təşkil edilən tədbir interaktiv formatda, nəzəri və praktiki hissələrdən ibarət olub.

Tədbir ilk hissəsində əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Daşkəsən rayon bölməsinin nümayəndələri, eləcə də Daşkəsən rayon kənd nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini, İlqar Cəlilov mülki müdafiə sahəsində əməkdaşların məlumatlılığının artırılması, fövqəladə vəziyyətlərə hazırlığının davamlı olaraq yoxlanılması və daha da yaxşılaşdırılması məqsədilə sistemli şəkildə icra edilən tədbirlər barədə ətraflı məlumat verib.

Sədr müavini qeyd edib ki, Səhmdar Cəmiyyət istehsalat prosesi zamanı əməyin təhlükəsizliyinin təmin edilməsi və insan amilinin daima ön planda tutulmasını fəaliyyətinin başlıca prinsipi kimi müəyyən edib. Yanğın, sürüşmə, sel və digər fövqəladə hallara qarşı preventiv tədbirlər çərçivəsində mütəmadi təlim-məşqlər keçirilir, əməkdaşların davamlı maarifləndirilməsi təmin olunur.

Müzakirə formatında davam edən görüşdən sonra işçi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan mülki müdafiə, yanğından mühafizə və digər texniki təhlükəsizlik vasitələri nümayiş etdirilib. Həyəcan siqnalından sonra simulyasiya formasında buruqqazma və partlayış işləri nəticəsində yaranan zəhərli qazlardan “zəhərlənmə”, eləcə də “uçqun və sürüşmə halları” zamanı ilkin tibbi yardım göstərilməsi praktiki məşqləri keçirilib.

Tədbirdə iştirak edən müvafiq qurum və təşkilatların nümayəndələri “AzerGold” QSC tərəfindən mülki müdafiə sahəsində görülən işləri yüksək qiymətləndiriblər.

 

 

Seçilən
0
12
ikisahil.az

10Mənbələr