AZ

Ombudsman: Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri unudulmamalı və beynəlxalq hüquqi qiymətini almalıdır

Bakı, 2 mart, AZƏRTAC

“Susmayan həqiqətlər” sərgisinin əsas məqsədi ictimaiyyəti azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə ağır cinayətlər və soyqırımı faktları barədə daha ətraflı məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ekspozisiyada nümayiş etdirilən foto və sənəd materialları canlı şahidlər və onların ailə üzvləri tərəfindən böyük həssaslıqla toplanaraq Ombudsman Aparatına təqdim olunub.

Müvəkkilin sözlərinə görə, bu materiallar azərbaycanlılara qarşı həyata keçirilmiş cinayətlərin miqyasını və mahiyyətini əyani şəkildə əks etdirir.

Səbinə Əliyeva vurğulayıb ki, sərgi yalnız Bakı şəhəri ilə məhdudlaşmayacaq, Ombudsmanın regional mərkəzlərində - Masallı, Quba, Şəki və Gəncə şəhərlərində də nümayiş etdiriləcək. Məqsəd tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılması və xüsusilə gənclər arasında maarifləndirmə işinin gücləndirilməsidir.

Ombudsman bildirib ki, gələcək nəsillərin bu qan yaddaşını unutmaması, tarixi ədalətin bərpası istiqamətində səylərin artırılması xüsusi əhəmiyyət daşıyır. Dövlət tərəfindən bu istiqamətdə ardıcıl və ciddi işlərin görüldüyünü diqqətə çatdıran S.Əliyeva qeyd edib ki, vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları da beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılması və bu cinayətlərdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün fəal şəkildə səfərbər olmalıdır.

Seçilən
16
2
azertag.az

3Mənbələr