AZ

AXA nın sədri: Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbirləri vaxtında icra olunmalıdır

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 3 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Ağstafa rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə qəhvəyi mərmər bağacığına qarşı mübarizə mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd yerli qurumlar arasında koordinasiyanı gücləndirmək və qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək, zərərvericinin yayılma arealını minimuma endirməkdir.

Tədbirdə çıxış edən Ağstafa rayon icra hakimiyyətinin başçısı Seymur Orucov qəhvəyi mərmər bağacığına qarşı mübarizə işlərinin gedişi barədə məlumat verib. Rayonda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının zərərvericilərə qarşı mübarizənin təşkilində fəal iştirak etdiyini deyən Seymur Orucov bildirib ki, mübarizə işlərinin sürətləndirilməsi üçün bu prosesdə kənd sakinləri, bələdiyyələr daha aktiv iştirak etməli, təbliğat-təşviqat işləri gücləndirilməlidir.

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, yaz mövsümünün yaxınlaşması ilə əlaqədar yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlər intensivləşdirilməli, mexaniki mübarizə tədbirləri vaxtında icra olunmalıdır. Eyni zamanda, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və mobil qrupların fəaliyyətinin gücləndirilməsi təmin edilməlidir. O qeyd edib ki, əhalinin maarifləndirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən kəndlərdə əhali ilə görüşlər keçirilir, maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə yayımlanır. Bu tədbirlər mütəmadi olaraq davam etdirilir.

Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgələrdə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
11
azertag.az

10Mənbələr