AZ

“CİA” aylarla Xameneini izləyib və... – SENSASİON DETALLAR

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi – Central Intelligence Agency (CİA) aylarla İranın ali rəhbərinin yerini və hərəkət trayektoriyasını izləyib. Xameneinin harada olduğu, hansı komplekslərdən istifadə etdiyi, təhlükəsizlik protokolları və görüş qrafiki detallı şəkildə analiz edilib. Kəşfiyyat məlumatlarına əsasən, şənbə günü səhər saatlarında Tehranın mərkəzində yerləşən hökumət kompleksində İranın ali rəhbərliyinin toplantısı planlaşdırılıbmış. Ən kritik detal isə Xameneinin də həmin iclasda iştirak edəcəyinə dair dəqiq məlumatın əldə olunması olub.

İsrail

Tehranın mərkəzində səhər zərbəsi: Xameneinin bunkeri necə müəyyən edildi?

İranın ali dini lideri, ayətullah Əli Xameneinin həlak olduğu hücum gecə yox, səhər saatlarında baş verdi. Bu detal təsadüfi deyil. ABŞ və İsrailin qərarı son saatlarda əldə edilən kəşfiyyat məlumatına əsaslanıb və əməliyyat “fürsət pəncərəsi” açılan kimi icra edilib.

Musavat.com xarici mediaya əsasən xəbər verir ki, əməliyyatın əsas hədəfi təkcə Xamenei yox, onun olduğu kompleks və həmin anda orada keçirilən yüksək səviyyəli toplantı idi.

Israel

Tehranın mərkəzində yerləşən, ciddi mühafizə olunan bunker necə müəyyən edildi?

ABŞ və İsrail kəşfiyyat qurumları aylarla İranın ali rəhbərliyinin hərəkətlərini analiz edib. Burada söhbət birbaşa Xameneinin telefonunun izlənməsindən getmir. Əksinə, onun ətrafının – mühafizəçilərin, köməkçilərin, hərbi və kəşfiyyat rəsmilərinin – rəqəmsal izlərinin toplanması əsas rol oynayıb. Ötən ilin iyununda baş vermiş 12 günlük qarşıdurma zamanı İsrailin İranın nüvə proqramı ilə bağlı alim və məmurları hədəf alarkən telekommunikasiya və mobil rabitə sistemlərinə sızdığı iddia olunurdu. Bu metodun davamı olaraq mühafizəçilərin marşrutları izlənib. Eyni vaxtda bir neçə yüksək vəzifəli şəxsin eyni əraziyə yönəlməsi analiz edilib. Görüşlərin tezliyi və məkanı üzrə “davranış xəritəsi” (pattern of life) formalaşdırılıb. Beləliklə, Xameneinin hansı kompleksdə, hansı günlərdə və hansı saatlarda daha çox vaxt keçirdiyi müəyyənləşdirilib.

Xamenei

Bunker harada idi?

Məlumatlara görə, Xameneinin istifadə etdiyi yeraltı sığınacaq Tehranın inzibati mərkəzinə yaxın, hökumət binalarının cəmləşdiyi ərazidə yerləşən kompleksin altında olub. Bu ərazi Prezident Aparatının və digər strateji dövlət qurumlarının yerləşdiyi zonaya yaxın sayılır. Hücum zamanı İran prezidenti Məsud Pezeşkianın ofisinin də zərər görməsi, lakin onun sağ qalması göstərir ki, zərbələr paytaxtın siyasi mərkəzinə yönəlib. Bunker barədə yayılan məlumatlara görə yerin dərinliyində yerləşib. Lakin İranın ən dərin strateji bunkerlərindən biri sayılmırdı. Kompleksin alt qatında, beton-armaturla möhkəmləndirilmiş çoxqatlı müdafiə sistemi ilə qorunub. Bunkerin rabitə və alternativ enerji təminatı mövcud olub. Yerüstü inzibati bina ilə birbaşa daxili keçidlər vardı. Ekspertlərin fikrincə, bunker tamamilə “görünməz” deyildi – onun mövcudluğu bilinirdi, lakin konkret istifadə vaxtının müəyyənləşdirilməsi əsas çətinlik idi.

Call

Bunker necə “açıldı”?

“The New York Times”ın yazdığına görə, həlledici kəşfiyyat məlumatı ABŞ tərəfindən əldə olunub və zərbənin icrası İsrailə həvalə edilib. Mənbələr bu məlumatın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən toplandığını bildirir. Ehtimal olunan ssenarilər sırasında rəqəmsal izləmə, kompleksə daxil olan yüksək rütbəli şəxslərin mobil cihaz siqnallarının toplanması ilə yanaşı bunkerdə ABŞ və ya İsrail agentinin və ya texniki qurğu vasitəsilə koordinatın ötürülməsi, mühafizə zəncirinin analizi, Xameneinin şəxsi mühafizə dəstəsinin eyni marşrut üzrə hərəkətinin təkrarlanması kimi məqamlar da nəzərdən keçirilə bilər.

Ən real versiya isə kombinə edilmiş modeldir – texnoloji izləmə və kəşfiyyatının paralel tətbiqi ilə İran ali rəhbərliyinin bir yerə toplaşmasının təsbiti və hücum əməliyyatının başlaması.

ABŞ

Zərbə necə endirildi?

Məlumata görə, İsrail qırıcıları səhər saat 09:40 radələrində kompleksə təxminən 30 yüksək partlayış gücünə malik bomba atıb. Bu qədər çox sursatdan istifadə edilməsi bunkerə “zəmanətli məhvetmə” zərurəti ilə izah olunur.

Mütəxəssislər bildirirlər ki, yeraltı obyektlərin məhv edilməsi üçün ardıcıl və koordinasiyalı zərbələr tələb olunur. Beton qatlarının deşilməsi üçün xüsusi bunker-buster tipli sursatlardan istifadə edilir. Eyni nöqtəyə çoxsaylı zərbə endirilməsi dalğavari çökmə effekti yaradır. İsrail təyyarələrinin Tehrana çatması təxminən iki saat çəkir. Lakin onların raketləri hansı məsafədən buraxdığı açıqlanmayıb. Ehtimal edilir ki, uzun mənzilli idarəolunan sursatlardan istifadə olunub.

ABD

Təhlükəsizlik boşluğu, yoxsa texnoloji üstünlük?

İran rəhbərliyi Xameneinin daim hədəf altında olduğunu bilirdi. Buna baxmayaraq, aylarla davam edən izləmənin qarşısının alınmaması iki ehtimal doğurur. İranın əks-kəşfiyyat sistemində ciddi boşluqlar olub. ABŞ və İsrailin metodlarını daim yeniləməsi və aşkarlanmanı çətinləşdirməsi İran əks-kəşfiyyatının sayıqlığını aşıb.

Hücumun gündüz saatlarında baş verməsi isə İran tərəfinin  “gün işığında zərbə ehtimalı azdır” qənaətinə güvəndiyini göstərir. İran tərəfi hücum zamanı Müdafiə Nazirliyinin üç yüksək vəzifəli rəsmisinin öldüyünü təsdiqləyib. Onların arasında Müdafiə Şurasının katibi Əli Şamxani, müdafiə naziri briqada generalı Əziz Nəsirzadə və SEPAH komandanı general Məhəmməd Pakpurun olduğu bildirilir.  Hücum anında ABŞ prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında hadisələri izlədiyi deyilir.

Tehran

Müharibənin yeni mərhələsi?

Xameneinin həlakı İran üçün siyasi və ideoloji sarsıntıdır. Lakin Tehran uzun müddətdir mümkün ssenarilərə hazırlaşıb. Varislik planları baş verən hücumdan öncə mətbuatda ciddi müzakirə olunurdu. Xamneinin həlakı ilə İran siyasi sistemində yeni mərhələnin qapısı açılır. Bu hadisə regionda gərginliyi azaltmayacaq. Əksinə, qarşıdurmanın daha sərt və açıq fazaya keçməsi ehtimalını artırır.

E.Məmmədəliyev
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr