AZ

Sürücülərə xəbırdarliq tələblər dəyişir – Bu tarixdən…

Azərbaycanda moped idarə edən şəxslərlə bağlı qaydalar sərtləşdirilir. Martın 26-dan etibarən moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunacaq. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yayılan müraciətdə bildirilib.

NOCOMMENT.az xəbər verir ki, müraciətdə qeyd olunur ki, son illər moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının artması nəzərə alınaraq normativ-hüquqi bazada müvafiq dəyişikliklər edilib. Məqsəd moped idarə edən şəxslərin digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıdıqlarını daha aydın şəkildə müəyyənləşdirmək və qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etməkdir.

Qərara əsasən, 2026-cı ilin mart ayının 26-dan etibarən moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq. Bununla yanaşı, mopedlər də müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və texniki tələblərə cavab verməlidir. Yol polisi vətəndaşlara tövsiyə edir ki, müəyyən edilmiş tarixə az müddət qaldığını nəzərə alaraq, qeydiyyatda olduqları ərazi üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etsinlər.

Baş Dövlət Yol Polisi İdarəsi vurğulayıb ki, bütün prosedurlar vahid qaydada tətbiq olunacaq və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin ediləcək. Eyni zamanda bildirilib ki, göstərilən tarixdən sonra müvafiq sənədlər olmadan moped idarə edən şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər.

Məsələni NOCOMMENT.az-a şərh edən hüquqşünas Natiq Ələsgərov bildirib ki, bu dəyişikliklər hüquqi baxımdan zəruri və əsaslandırılmış addımdır: “Mopedlər texniki xüsusiyyətlərinə görə daha zəif nəqliyyat vasitəsi hesab edilsə də, yol hərəkətində tamhüquqlu iştirakçıdır və onların iştirakı ilə baş verən qəzalar ciddi nəticələrə səbəb ola bilir. Sürücülük vəsiqəsinin tələb olunması həm bilik və bacarıqların yoxlanılması, həm də məsuliyyətin artırılması baxımından vacibdir”.

Natiq Ələsgərov əlavə edib ki, “A1” kateqoriyası üzrə imtahan prosesi digər kateqoriyalarla müqayisədə daha sadə olsa da, namizədlər yol hərəkəti qaydalarını bilməli və praktiki bacarıqlarını sübut etməlidirlər: “Qeydiyyat və nömrələmə tələbi də hüquqi məsuliyyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacaq. Çünki dövlət nömrə nişanı olan nəqliyyat vasitəsinin iştirakı ilə törədilən qayda pozuntularının aşkarlanması və məsul şəxsin müəyyən edilməsi daha asan olacaq”.

Ekspert vurğulayıb ki, dəyişikliklər yalnız cərimə mexanizmi kimi qiymətləndirilməməlidir. Əsas məqsəd yol hərəkətinin təhlükəsizliyini artırmaq, qəzaların və xəsarət hallarının sayını azaltmaqdır. Onun sözlərinə görə, vətəndaşlar müəyyən olunmuş müddəti düzgün dəyərləndirməli, sənədləşmə prosesini vaxtında tamamlamalı və yeni tələblərə uyğunlaşmalıdırlar.

 

Seçilən
37
1
nocomment.az

2Mənbələr