2026-cı il ərzində atalıq məzuniyyəti ilə bağlı ödəniş alan şəxslərin sayı açıqlanıb.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilir ki, əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş və hazırda qüvvədə olan yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə doğuşdan əvvəl və doğuşdan sonrakı dövrləri əhatə edən 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir:
"Bununla əlaqədar yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işəgötürən tərəfindən işçiyə qeyd edilən məzuniyyətin verilməsinə dair əmrin rəsmiləşdirilməsi üçün yeni funksionallıq yaradılıb.
Yanvar-fevral ayları ərzində ƏMAS üzərində 59 işəgötürən tərəfindən 88 işçiyə uşağının doğulması ilə bağlı ödənişli məzuniyyət verilməsinə dair əmr rəsmiləşdirilib", - məlumatda qeyd edilib.
Qeyd edək ki, atalıq məzuniyyətinin ödənişli olması 16 yanvar 2026-cı il tarixində Əmək Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb. Uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.