AZ

Bakıda fantastik qiymətə iftar menyuları Ekspert xəbərdarlıq etdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Paytaxtın populyar restoranlarında Ramazan ayı üçün təklif olunan iftar menyularının qiymətləri açıqlanıb. Məlum olub ki, bir sıra məkanlarda menyuların dəyəri 20 manatdan başlayaraq 120 manata qədər yüksəlir. Süfrələrin zəngin və çeşidli olduğu bildirilsə də, qiymətlərin yüksək olması müzakirələrə səbəb olub. Halbuki mütəxəssislər Ramazan ayında orucdan sonra həddindən artıq qidalanmağın tövsiyə edilmədiyini vurğulayırlar.

Bəs Ramazan menyuları əslində necə olmalıdır və orucluq zamanı bu qədər pul xərcləmək israflıq sayılırmı?

Globalinfo.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, bir qrup insan 120 manatlıq iftar menyusundan şikayət etsə də, digər qrup üçün bu məbləğ çox deyil:

“Biz kapitalizmdə yaşayırıq və hər kəsin maddi imkanları fərqlidir. Oruc tutan insanın rasionu dietik olmalıdır, çünki gün boyu ac qalır. Mədə birdən-birə çox yeməyi qəbul edə bilmir. Çox yemək həzm problemlərinə, dözümsüzlüyə və digər narahatlıqlara yol aça bilər. İlk növbədə su içmək vacibdir. Su qan dövranını tənzimləyir, qan laxtalanmasını azaldır və mədə üçün yüngül başlanğıc olur. Bundan sonra yüngül yeməklər, məsələn, şorba tövsiyə olunur. Bu cür yeməklərin maya dəyəri 5 manatdır, işçilik xərcləri də minimaldır.

Daha sonra ana yeməklər, məsələn, kabab, plov yanında toyuq və ya qazan yeməkləri əlavə edilir. Belə menyunun maya dəyəri təxminən 10 manat olur. Restoranlarda əlavə xərclər – işçi haqqı, kommunal xidmətlər və digər ödənişlər nəzərə alınaraq, 25-30 manatlıq menyular bir nəfər üçün normal hesab olunur. Yəni ətin kilosunu bazardan 20 manata alırsansa, bu o demək deyil ki, eyni qiymətlə hesablayacaqsan. Xərclər nəzərə alınmalıdır”.

Ağa Salamov

A.Salamov həmçinin bildirib ki, bəzi insanlar süfrələrində hər şeyin olmasını istəyir və xüsusi yeməklər tələb edir:

“Məsələn, steyk, medalyon və bifstroqonov kimi xüsusi ətlər daha bahalıdır. Bu halda sadəcə o ətin qiyməti 50 manatdır. Onun yanında su, salat, şorba olanda qiymət 100 manata qədər yüksələ bilər. Hətta bəzi restoranlarda yüksək keyfiyyətli və xüsusi texnologiya ilə hazırlanmış ətlər daha bahalı olur. Amma gündəlik iftar menyusu üçün 30-40 manat kifayət edir. Restoranlar müştəri kontingentinə görə qiymətləri tənzimləyir. Bazarda həm sadə, həm də lüks iftar menyuları mövcuddur. İstəsəniz, kabab və isti yeməklərlə bir nəfərlik menyunu 30-40 manata əldə etmək mümkündür.

Yüksək qiymət isə xüsusi yeməklər, medalyonlar və hətta desertlərin üzərində qızıl yarpaq kimi əlavələrdən asılıdır. Nəticədə qiymət və menyu seçimləri hər kəsin büdcəsinə və istəklərinə uyğun olur. Hər kəs öz istəyinə və imkanına uyğun seçim edə bilər. Oruc tutan insan üçün əsas odur ki, menyu sağlam, balanslı və həzmə uyğun olsun”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
globalinfo.az

1Mənbələr