AZ

Əliyev yanvarda diqqət çəkmişdi: Regional münaqişə fonunda Bakı üçün vəziyyət nə yerdədir?

Azərbaycan iki böyük müharibənin arasında sülh adası rolunu oynayır. Rusiyanın Ukraynaya hücumu və ABŞ–İsrail tandeminin İrana qarşı hərbi əməliyyatları ölkəmizin ətrafında faktiki olaraq atəş çəmbəri formalaşdırıb.

Prezident İlham Əliyevin ən böyük uğurlarından biri məhz balanslı siyasət yürütməsidir. İranla qonşuluq və qarşılıqlı hörmət prinsipləri qorunur, eyni zamanda İsrail və ABŞ kimi müttəfiqlərlə strateji balans saxlanılır. Rəsmi Bakının hazırda əsas məqsədi bu həssas tarazlığı qoruyub saxlamaqdır.

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Prezident İlham Əliyevin yanvar ayında Davosda “Euronews” televiziyasına müsahibəsini xatırladıb.

Politoloq bildirib ki, Prezident müsahibəsində Azərbaycan da daxil olmaqla, hər bir ölkənin öz sərhədləri boyunca sabitlik haqqında düşünməli olduğunu vurğulamışdı:

“Azərbaycanın müharibə və münaqişələrlə bağlı aydın vizyonu mövcuddur. Bu yanaşma ölkələrin ərazi bütövlüyü və suverenliyinin, sərhədlərin toxunulmazlığının qorunması prinsipinə əsaslanır.

Siyasətdə uzlaşma da vacibdir. Digər tərəfdən, regionu gözləyən böyük layihələr var və belə bir reallıqda İranda baş verən hadisələr ürəkaçan deyil. Azərbaycan bölgədə açar aktor kimi çıxış edir və bir çox məsələlərdə təşəbbüskar rol oynayır. Xüsusilə indiki məqamda yaxınlığımızda hər hansı qeyri-sabitliyin olmamasını arzu edirik.

Regionumuz və bura cəlb edilməyə çalışılan investorlar üçün proqnozlaşdırıla bilənlik zəruridir. Azərbaycan illərlə işğal siyasətindən və humanitar fəlakətdən əziyyət çəkmiş ölkədir. Müharibə olan yerdə humanitar böhran qaçılmazdır. Nəticənin xaosa gətirib çıxarması real təhlükədir. Bu, təkcə Azərbaycanı deyil, Qətər və Səudiyyə Ərəbistanı kimi digər regional ölkələrini də narahat edən əsas məsələlərdəndir.

Xaos və çaşqınlıq şəraitində etnik gərginliyin silahlı münaqişəyə çevrilməsi riski də mövcuddur. Kürdlər, bəluclar və digər azlıqlar ümummilli hakimiyyət boşluğu yaranacağı təqdirdə öz təhlükəsizliklərini təmin etməyə çalışa bilərlər. Təəssüf ki, İrandakı müharibənin arealı genişlənir. Əbu-Dabi və Bəhreyn istiqamətində raket zərbələri endirildiyi bildirilir. İran əvvəlcədən bəyan etmişdi ki, ABŞ-ın müttəfiqlərini də hədəf ala bilər. Eyni zamanda dəniz minalarının sürətli yerləşdirilməsi üzrə təlimlərin keçirildiyi barədə məlumatlar var. Bu isə dünya ticarətinə və neft qiymətlərinə birbaşa təsir göstərə bilər”.

WhatsApp
Şəbnəm Həsənova

Ekspert qeyd edib ki, İran tarixində bu tip ssenarilər əvvəllər də yaşanıb:

“Qətər, Küveyt, Bəhreyn və BƏƏ hava məkanlarını müvəqqəti olaraq bağlayaraq regionda gərginliyin artmasını pisləyiblər. Mövcud reallıqda Azərbaycan yürütdüyü siyasəti bütün incəliklərinə qədər hesablayaraq davam etdirir. Son proseslər fonunda Azərbaycanın regiondakı əhəmiyyəti bir daha aydın görünür.

Cənubi Qafqazda, Xəzər dənizi sahilində yerləşən kiçik, lakin strateji baxımdan vacib ölkə olan Azərbaycan dünya siyasətçilərinin və investorlarının daha çox diqqətinə layiqdir. Ölkəmiz təhlükəsiz tranzit, hava və quru məkanı baxımından etibarlı tərəfdir. İran müharibə vəziyyətində olduğu və regional hava məkanının bağlandığı üçün qlobal uçuşlar Azərbaycan üzərindən istiqamət dəyişir. Bu isə göstərir ki, ölkəmiz kiçik deyil, Avrasiyanın mühüm körpüsüdür. Regional lider kimi Azərbaycan nəzərə alınmadan prosesləri qiymətləndirmək mümkün deyil. Obyektivlik naminə qeyd edim ki, bu dəyərləndirməni təkcə biz deyil, beynəlxalq ictimaiyyət də edir. Azərbaycan regionda beynəlxalq aktorların etimad göstərdiyi, çəkisi və nüfuzu olan ölkədir”.

Seçilən
28
50
editor.az

10Mənbələr