AZ

"Qarabağ"da "qızıl” hücumçu

Musa Qurbanlı bu mövsüm tədricən öz əvvəlki formasına qayıtmaqdadır.

23 yaşlı hücumçu heç də uğurlu olmayan İsveç karyerasından ("Yurqorden") sonra 2024-cü ilin yayında əvvəlki komandası "Qarabağ"a döndü.

Ötən mövsüm bütün turnirlərdə 31 oyuna cəmi 7 qol vurdu ki (6 qol Azərbaycan Premyer Liqasında, 1 qol kubokda), bunu da mərkəz hücumçusu üçün uğurlu nəticə saymaq olmazdı.

Qurbanlı bu mövsümdə isə bütün yarışlarda 26 oyunda meydana çıxıb və artıq ötən mövsümkü qol statistikasına yaxınlaşıb: o, artıq 6 dəfə rəqib qapılarına yol tapıb, 2 qolun isə ötürməsini edib. Amma bu say daha da çox ola bilərdi. Əgər futbolçu mövsümün gedişatında zədələndiyindən düz 6 oyun iştirak ərizəsindən kənarda qalmasa idi.

İstənilən halda 26 oyunda 6 qol yenə də azdır, amma bir fakt da unudulmamalıdır. Musa bu 26 matçın 17-də ehtiyatdan oyuna daxil olub, yalnız 9-unda ilk 11-likdə yer alıb. Ümumən 872 dəqiqə oynayıb. Yəni Qurbanlı orta hesabla hər matçda yalnız 33 dəqiqə çıxış edib.

Maraqlıdır ki, Musa 6 qoldan 4-nü sonradan oyuna daxil olduqdan sonra vurub. Həm də bu, "Qarabağ"ın qələbələrində vacib rol oynayıb. Onlardan birincisi heç şübhəsiz, yayda Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"a qarşı səfər oyununun 85-ci dəqiqəsindəki qələbə qolu (3:1, Bakıdakı ilk matçda 2:3) olmuşdu. O qol sayəsində "Qarabağ" ÇL-də Liqa mərhələsinə vəsiqə qazanmış, sonra da artıq final mərhələsinin "pley-off"una yüksəlməklə özünü dünya futboluna tanıtdırmışdı. Musa Azərbaycan çempionatında sonradan oyuna daxil olduğu "Qəbələ" (2:0), "İmişli" (1:0), nəhayət, dünən "Sabah"a qarşı (3:3) matçlarda da komandasının vacib qollarına imza atıb. Yəni ya "Qarabağ"ın qələbə, ya da məğlubiyyətdən qurtaran qolları vurub.

Adətən, belə oyunçulara "qızıl ehtiyat" deyirlər. Yəni daha çox ehtiyatda otursa da, komandasına çox faydası dəyən oyunçu.

Amma əlbəttə, bu gedişat göstərir ki, Musa İsveçdən qayıtdıqdan sonra öz üzərində həqiqətən yaxşı işləməyə başlayıb. Bu gənc hücumçumuz çoxsaylı tənqid və təzyiqlərdən sonra ruhdan düşməyib, əksinə əsl idmançı iradəsi göstərməyə başlayıb. Heç bir futbolçunun sığortalanmadığı bir-iki mövsümlük uğursuz karyera ilə barışmayıb. Əksinə onun üzərinə bir cəngavər kimi şığıyaraq hələ karyerasının ən parlaq dövrünün qarşıda ola biləcəyinin mesajını verib.

Təəssüf ki, biz eyni sözləri hələlik artıq ABŞ klubunun oyunçusu olan Nəriman Axundzadə barədə söyləyə bilmirik.

Musanın son dövrlər meydanda olduğu hər oyun göstərdiyi əzmkarlıq, mübarizlik, məğlubiyyəti həzm etmək istəməməsi kimi yüksək peşəkar keyfiyyətlər, üstəgəl atası və baş məşqçisi Qurban Qurbanovun etimadını doğruldaraq vacib qollar vurması ən xoş sözlərə layiqdir.

Bu, həm də ona ümid yeri qoyur ki, yaxın gələcəkdə biz Musanın timsalında həm "Qarabağ"da, həm də milli komandamızda inamı doğrulda biləcək yerli hücumçu görə bilərik (qol.az).

Seçilən
0
4
sportinfo.az

5Mənbələr