ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Qarşıdan gələn bayram günləri fonunda Azərbaycanın turizm bazarında sərfəli paketlər təqdim edilir. Vətəndaşlar bu tətillərdə daha çox Dubay, Doha və Əbu-Dabi kimi istiqamətlərə üstünlük versələr də, Yaxın Şərqdəki hərbi toqquşmanın seçimə təsir edəcəyi gözlənilir.
Belə bir şəraitdə turizm bazarındakı vəziyyət və qiymət dinamikasının necə formalaşacağı maraq doğurur.
Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, regionda baş verən son hadisələr turizm bazarına təsirsiz ötüşməyəcək.
Onun sözlərinə görə, ilk növbədə İran, İsrail və Körfəz ölkələrindən Azərbaycana gələn turist axınında kəskin azalma müşahidə oluna bilər:
Təhlükəsizlik amili və uçuşların əlverişsizliyi həmin istiqamətləri hazırda daha az cəlbedici edir. Turizmdə əsas və həlledici faktor məhz təhlükəsizlikdir. Bu amil tam təmin olunmadıqda və ya hər hansı qeyri-müəyyənlik yarandıqda, insanlar səfərlərini ya təxirə salır, ya da ümumiyyətlə ləğv edirlər. Mövcud vəziyyət isə həm hava limanlarının fəaliyyətində, həm də uçuş imkanlarında əlavə məhdudiyyətlər yarada bilər”.
Ceyhun Aşurov
C.Aşurovun fikrincə, yaranmış şərait fonunda ölkədaxili turizmdə bu il də yüksək dinamika ola bilər:
“Xüsusilə bayram günlərində və qeyri-iş günlərində vətəndaşların istirahətlərini ölkə daxilində təşkil etməyə üstünlük verəcəyi gözlənilir. Əvvəlki illərdə olduğu kimi, bayram və qeyri-iş günlərində qiymət artımı təbiidir. Tələbat artdıqca qiymətlər də yüksəlir. Hazırkı vəziyyətdə də bayram günlərində turizm paketlərinə marağın artacağı və bunun qiymətlərə təsir göstərəcəyi gözləniləndir”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.