AZ

Fərhad Mirəliyev: “Uşaqların sosial şəbəkədə qeydiyyat zamanı yaşlarını olduğundan böyük göstərməsi qlobal problemdir”

Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən İKT üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, sosial şəbəkələrdə yaşla bağlı məsələ aktual problemlərdən biridir: “Tək Azərbaycanda deyil, bütün dünyada bunun mexanizmləri üzərində işlənilir, təkmilləşdirilir. Uşaqların qeydiyyat zamanı yaşlarını olduğundan daha böyük göstərməsi həqiqətən də qlobal problemdir. Burada görüləcək tədbirlərin üstünlükləri ilə yanaşı, müəyyən çatışmazlıqlar da mövcuddur. Birincisi qeydiyyat zamanı ən effektiv üsul süni intellektin tətbiq olunmasıdır. Süni intellekt, biometrik eyniləşdirmə, üz tanıma və bu kimi mexanizmlərdən istifadə edərək insanın yaşını müəyyən edə bilər. Yəni azyaşlı sosial şəbəkədə qeydiyyat etməyə çalışır, bu zaman süni intellekt kameranı açır və onun üzünü analiz edir və nəticədə müəyyən edilir ki, məsələn, həmin uşaq 18 yaşdan aşağı yaş kateqoriyasına daxildir. Biz bilirik ki, bu məsələlər hazırkı vəziyyət üçün həll oluna biləndir. Süni intellekt bu dəqiqə simanı analiz edərək nəinki yaşını, hətta digər məsələlər üzrə də konkret məlumatlar verə bilir”.

 

F.Mirəliyev bildirib ki, digər variant kimi asan login sistemindən istifadə edilə bilər: “Asan loginə inteqrasiya ola bilər ki, həmin asan login vasitəsilə də mövcud bazadan qeydiyyat etmək istəyən şəxsin yaşının uyğun olub-olmadığı müəyyən edilə bilər. Digər vasitə isə vətəndaşın yaş həddinin onun bank müştərisi olub-olmadığı ilə müəyyən edilməsidir. Bilirik ki, 18 yaşdan yuxarı rezidentlər üçün onun balansında simvolik məbləğin çıxılaraq dərhal geri qaytarılması kimi kiçik bank əməliyyatı tələb olunur. Yəni bu praktikadan bu formada dünyada istifadə edilir. Bir çox hallarda olur ki, valideynlərin hesabları ilə sosial şəbəkədə fəaliyyət göstərirlər. Burada artıq məsuliyyət valideynin üzərinə düşür. Texniki məhdudiyyətlər nə qədər güclü olsa da, ən böyük məsuliyyət valideynin üzərindədir. Onlar buna şərait yaratmamalıdırlar. Elə bir etibarlı mühit yaranmalıdır ki, uşaq valideyni aldatmaq kimi düşüncələrə qapılmasın”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Mart 2026, 09:35   
Seçilən
150
28
pravda.az

10Mənbələr