AZ

Gecə telefona baxan uşaqlar – Bu problemlərlə üzləşirlər

Axşam saatlarında ekran parlaqlığının qəfil dəyişməsi uşaqların beyninə böyüklərlə müqayisədə daha güclü təsir edir. Xüsusilə qaranlıq otaqda parlaq telefon və ya planşet ekranına baxmaq yuxu ritmini pozur, diqqət və yaddaşa mənfi təsir göstərir.

Mövzu ilə bağlı danışan Marmara Universiteti Pendik Təlim və Araşdırma Xəstəxanasının Uşaq və Yeniyetmələrin Ruhi Sağlamlığı Klinikasının dosenti Ayşe Burcu Erdoğdu Yıldırım bildirib ki, uşaqların sinir sistemi inkişaf mərhələsində olduğu üçün işıq dəyişikliklərinə daha həssasdır.

Onun sözlərinə görə, qaranlıq mühitdə qəfil işıq artımı yuxu pozuntusu yarada, bəzi hallarda isə epileptik tutmalara səbəb ola bilər. Virtual “gündüz” effekti yaradır

Mütəxəssis qeyd edib ki, axşam saatlarında ekran işığına məruz qalmaq beyində sanki gündüz imitasiyası yaradır. Bu isə yuxu hormonu olan melatoninin ifrazını gecikdirir.

“Axşam saatlarında ekran işığı sanki gün işığı varmış kimi virtual reallıq yaradır və beyin gecə rejiminə keçə bilmir. Buna görə də insan oyaq qalır”, – deyə Yıldırım vurğulayıb.

Melatoninin gec ifrazı isə uşaqlarda yuxuya getməyi çətinləşdirir, diqqət, yaddaş və emosional tənzimləmə bacarıqlarına mənfi təsir göstərir.

Ən riskli vəziyyət – tam qaranlıqda parlaq ekran

Tam qaranlıq otaqda ekranın qəfil yandırılması uşağın beyninə ən güclü işıq yükü yaradan hallardan biri hesab olunur. Xüsusilə yorğan-döşək altında telefon və planşetdən istifadə daha ciddi fəsadlara səbəb ola bilər.

Bəs valideynlər nə etməlidir?

Ekspertlər ekranları tamamilə qadağan etməyi deyil, düzgün axşam rejimi qurmağı tövsiyə edirlər.

Yatmazdan ən azı 30 dəqiqə, mümkün olduqda isə 1–1,5 saat əvvəl ekranların söndürülməsi məsləhət görülür. Zəruri hallarda cihazlarda “gecə rejimi” funksiyasından istifadə etmək uşaqlar üçün daha təhlükəsiz hesab olunur.

Mütəxəssislər xüsusilə işığa daha həssas olan uşaqlara qarşı diqqətli olmağın vacibliyini vurğulayırlar.Sfera.az

Seçilən
124
26
veteninfo.az

10Mənbələr