AZ

AFFA Hakimlər Komitəsinin “ikili” standartları

Dünən AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Premyer Liqanın 22-ci turunda baş vermiş mübahisəli epizodları şərh etdi. Təbii ki, hamının maraqla gözlədiyi “Şamaxı” – “Neftçi” oyunundakı (2:2) epizodlar idi.

“Ağ-qaralar”ın çox vacib 2 xal itirdiyi görüşdən sonra klub ciddi bəyanat vermiş, azarkeşlər isə sosial şəbəkələrdə haqlı etirazlarını dilə gətirmişdilər. Bir sözlə, əsəblər əməlli-başlı tarıma çəkilmişdi. Digər tərəfdən isə AFFA-nın “institusional” bəyanatı…

Belə bir məqamda R.Həsənovun nə deyəcəyi önəmli idi. Hakimlər Komitəsinin sədri “Neftçi”nin qapısına 90+4-cü dəqiqədə təyin olunmuş penaltiyə haqq qazandırıb, don geyindirdi:

“Neftçi”nin futbolçusu əlindən qeyri-qanuni şəkildə istifadə edərək rəqibin üz nahiyəsinə dirsəklə zərbə endirir”. Əlindən qeyri-qanuni şəkildə istifadə edir” ifadəsi özü belə çox əndrabadidir. Az qalıb desin ki, “Neftçi”nin futbolçusu əlini qeyri-qanuni şəkildə kəsici-deşici alət kimi istifadə edib. Bir sözlə, R.Həsənovun fikrincə, referi Kamranbəy Rəhimovla VAR hakimi Cavid Cəlilov doğru qərar veriblər.

Maraqlıdır ki, 16-cı turda “Karvan-Yevlax” – “Neftçi” oyununda da (1:2) demək olar ki, eyni epizod yaşanmışdı. 45+8-ci dəqiqədə İqor Ribeyronun topa yüksələrkən qaydanı pozması penalti ilə nəticələnmişdi. Həmin vaxt Əliyar Ağayev qonaqların müdafiəçisinə sarı vərəqə, “Neftçi”nin qapısına isə penalti təyin etmişdi. Lakin R.Həsənov epizodu şərh edərkən Əliyar Ağayevin səhvə yol verdiyini həmin epizodda qaydanın pozulmadığını bildirmişdi.

Bəs necə olur ki, indi “Şamaxı” ilə matçda fərqli fikir səsləndirilir? Belə görünür ki, Hakimlər Komitəsinin sədrinin ikili standartları var. Ümumiyyətlə, xeyli vaxtdır ki, Rəhim Həsənov De Blekeri əvəzlədikdən sonra Əliyar Ağayevin sıxışdırılmasına dair söz-söhbətlər gəzir. Bu, şaiyə olsa belə, aydın şəkildə görünür ki. R.Həsənov hər epizodu özünə sərf edən formada şərh edir. Olan isə klublara olur… “Neftçi”nin, “Sumqayıt”ın…digərlərinin haqları pozulur.

 

Seçilən
96
msport.az

1Mənbələr