AZ

Gənclikdən bulvara qədər şəhər belə dəyişəcək - YENİ LAYİHƏ

Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq.

Paytaxtın yaşıllaşdırılması fonunda hibrid yaşıl dəhlizlərin yaradılması məsələsi müzakirə olunur. Bu layihələrdən biri də 28 May dəhlizi layihəsidir.

Day.Az xəbər verir ki, layihəyə əsasən, dəhliz xətti park vasitəsilə Gənclik metro stansiyasının ətrafını Bakı Bulvarı və Bakı Limanı ilə birləşdirəcək.

Burada tramvay xətləri, ictimai yaşıllıq marşrutları, istirahət və əyləncə məkanları, yaşayış sahələri, həmçinin mədəniyyət və yaradıcılıq zonaları yaradılması nəzərdə tutulur. Ümumilikdə 28 May hibrid dəhlizinin xətti təxminən 15,6 hektar ərazini əhatə edəcək.

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə layihələr nəticəsində şəhərin bir tərəfindən digər tərəfinə piyada rahat hərəkət etmək mümkün olacaq.

Hibrid yaşıllaşdırma o deməkdir ki, ərazidə həm geniş yaşıllıq sahələri salınır, şəhərin atmosferi yaxşılaşdırılır və ümumi estetik görünüş artır, həm də yay aylarında temperaturun həddindən artıq yüksəlməsinin qarşısı alınır. Bundan əlavə, həmin yaşıl dəhlizlər mobillik üçün də istifadə olunur.

Ola bilsin ki, bu ərazilərdə tramvay xətləri də salınsın və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin hərəkəti üçün şərait yaradılsın. Belə dəhlizlər şəbəkə şəklində qurularsa, şəhərin bir başından digər başına yaşıl zonalar vasitəsilə hərəkət etmək mümkün olacaq.

Ekspert bildirir ki, xüsusilə yay aylarında insanlar piyada gəzintilərə üstünlük verirlər. Bu yeniliyin həm sağlamlıq baxımından, həm də nəqliyyat sıxlığının azalması baxımından müsbət təsirləri olacaq.

Qeyd olunur ki, söküntü işləri aparılarkən və şəhər planına uyğun yeni layihələr icra edilərkən yaşıl dəhlizlərin sayı mütləq artırılmalı və əlavə olunmalıdır. Yaşıllıq zonalarının ətrafında yaşayış binaları və digər tikililər minimum həddə saxlanılmalıdır.

Elcan Turan
Day.Az

Seçilən
12
day.az

1Mənbələr