AZ

Qiyabi təhsil alanlarla bağlı MÜHÜM təklif

Ombudsman Səbinə Əliyevanın parlamentə təqdim etdiyi illik məruzədə bir sıra önəmli təkliflər əksini tapıb.

Musavat.com bildirir ki, S.Əliyeva gənclərin təhsil hüququ ilə bağlı təklif verib:

“Təhsil hüququnun ayrıseçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində qiyabi təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur. Ölkə üzrə mövcud kitabxana fondlarının vahid rəqəmsal sistemə inteqrasiyasının təmin edilməsi və bununla da mərkəzləşdirilmiş milli kitabxana platformasının yaradılması hər bir şəxsin kitabxana resurslarına onlayn və bərabər çıxış imkanının təmin edilməsi, habelə maliyyə və insan resurslarından daha səmərəli istifadə olunması, idarəetmə və texniki xərclərin optimallaşdırılması baxımından əhəmiyyətli ola bilər. Müasir informasiya texnologiyalarının istehlakçı hüquqlarına təsirinin davamlı monitorinqinin aparılması, qanunvericiliyin, xüsusilə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların müsbət beynəlxalq təcrübə əsasında müasir tələblərə uyğunlaşdırılması, bu sahədə maarifləndirici materialların hazırlanması və hədəf qrupların üzrə birgə maarifləndirmə tədbirlərinin keçirilməsinə diqqət artırılmalıdır. Yaşayış yerinin yeni mülkiyyətçisi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin işlənib hazırlanması, bununla əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa zəruri dəyişikliklərin edilməsi məhkəmələrinin iş yükünün azaldılması və mülkiyyətçinin hüquqlarının daha səmərəli təmin edilməsi baxımından olduqca vacibdir. Borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizmlərinə yenidən baxılması və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi aktual məsələlərdən biri olaraq qalmaqdadır. 2025-ci ildə Ombudsman tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm qaydada, habelə daxil olmuş müraciətlər əsasında başçəkmələr davam etdirilmiş, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə səlahiyyətli dövlət qurumlarına müvafiq təklif və tövsiyələr ünvanlanıb”.

E.Paşasoy,
Musavat.com

Seçilən
225
musavat.com

1Mənbələr