Vətəndaşların sosial təminat hüquqlarının daha səmərəli və effektiv qaydada reallaşdırılması məqsədilə, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək, yəni işsiz şəxslərə əmlak təhvil verilənədək onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədəmüvafiqdir.
NOCOMMENT.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi zaman deyib.
O qeyd edib ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin minimuma endirilməsi zəruri hesab olunur.
Ombudsman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılmasını təklif edib.
Qeyd edək ki, hazırda bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur.
“Şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu vaxtda onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması məqsədəmüvafiqdir”,- Ombudsman qeyd edib.