AZ

“Şər deməsən, xeyir gəlməz...” – Azərbaycanda sığınacaq və bunkerlər nə vəziyyətdədir?

Son günlər İranda təhlükəsizlik vəziyyətinin kəskin şəkildə gərginləşməsi regionda yeni və real risk mühiti formalaşdırıb. ABŞ və İsrailin İran ərazisinə endirdiyi hərbi zərbələr, Tehranın cavab addımları və qarşılıqlı təhdid ritorikası Cənubi Qafqaz ölkələrində də narahatlıqla izlənilir.

Azərbaycan isə coğrafi yaxınlıq və sərhəd faktoru səbəbindən prosesləri xüsusilə diqqətdə saxlayır. Artan gərginlik fonunda artıq konkret humanitar addımlar da atılıb. 28 fevraldan 1 martadək İran-Azərbaycan sərhədindən 192 nəfər təxliyə olunub, onların 82-si Azərbaycan vətəndaşıdır. Rəsmi qurumlar vətəndaşlara təhlükəsizlik xəbərdarlıqları edir, İran ərazisində olanlara ölkəni tərk etməyi tövsiyə edir.

Məhz bu məqamda cəmiyyətdə daha həssas və fundamental bir sual gündəmə gəlir: regional münaqişə daha da genişlənərsə, Bakı və digər şəhərlərdə mülki əhalinin təhlükəsizliyi necə təmin olunacaq? Mövcud sığınacaqlar, bunkerlər və mülki müdafiə infrastrukturu mümkün fövqəladə ssenarilərə nə dərəcədə hazırdır?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev açıqlamasında narahatlığını bildirib:

“İranda baş verən müharibə artıq başladığı gündən region üçün böyük təhlükə yaratdı. Əgər bu səbəbdən Bakı səmasında bir həyəcan siqnalı verilərsə insanların evakuasiyası üçün sığınacaqlarımız varmı? Məncə çox az. Meteostansiyalar və yeraltı keçidlər evakuasiya üçün müvəqqəti sığınacaq ola bilər. Amma bu yalnız mərkəzdə yaşayanlar üçündür. Bəs yeni tikili binaların avtoparkları sığınacaqlar üçün yararlıdırmı? O da tam deyil. Həyət evlərində yaşayanlar üçün isə bu tip hadisələrdə sığınacaqlar kimi haradan və necə istifadə edəcəklərini deyə bilmərəm. Biz niyə bu tip fors-major hadisələrə hazır deyilik ? Gərək nə isə olsun ondan sonramı başlayaq tikdiklərimizi söküb yenidən lazımi formada tikməyə?!”

Hərbi ekspert Səxavət Məmməd mövzu ilə bağlı Musavat.com-a deyib ki, əslində 12 günlük toqquşmadan sonra sığınacaq mərkəzlərinin, yəni bunkerlərin yaradılması və şəhərlərdə sığınacaqların təşkili məsələsi gündəmə gəlmişdi:

“Xüsusilə bomba təhlükəsi ilə bağlı sığınacaqların yaradılması müzakirə olunurdu. Hazırda İran-Amerika və İsrail arasında baş verən müharibə faktiki olaraq həm bunkerlərin, həm də sığınacaqların yaradılması məsələsini daha da aktuallaşdırıb.

Azərbaycandakı vəziyyətə gəldikdə, bu məsələ ilə bağlı fikirlərimizi dəfələrlə səsləndirmişik. Hətta 2020-ci il müharibəsindən əvvəlki dövrlərdə mütləq şəkildə sığınacaqların yaradılmasının vacibliyini və zəruriliyini qeyd etmişik. Təəssüf ki, Azərbaycanda bunun yüksək səviyyədə olduğunu demək çətindir. Hesab edirəm ki, artıq mövcud müharibələr fonunda, hətta SSRİ-dən qalmış sığınacaqların və bunkerlərin vəziyyətini də nəzərdən keçirərək bu məsələləri həll etməli və konkret addımlar atmalıdır. Çünki müasir müharibələr onu göstərir ki, əməliyyatlar ağır raketlər, aviasiya bombaları və dronlar vasitəsilə həyata keçirilir. Bu isə sığınacaqlar olmadan əhalinin təhlükəsizliyini, hətta dövlət orqanlarının, qurumlarının və vəzifəli şəxslərin təhlükəsizliyini ciddi risk altına salır. Ona görə də düşünürəm ki, Azərbaycan bu məsələdə ciddi addımlar atmalı, baş verən müharibələr təhlil olunmalı, mövcud boşluqlar aradan qaldırılmalı və bu istiqamətdə sistemli iş aparılmalıdır”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov da mövzu ilə bağlı Musavat.com-a deyib ki, İkinci Dünya Müharibəsindən sonra Sovet hökumətinin şəhərsalma planlamasında, məhəllələrin və yeni kvartalların salınmasında mülki müdafiə məsələlərinə ciddi yanaşılırdı:

“Məhz buna görə də, məsələn, “Stalin tipli layihələri” adlandırılan binaların həyətlərinin çoxunda və ya ayrıca kvartallarda müharibə ehtimalı nəzərə alınaraq yeraltı sığınacaqlar inşa olunurdu. Həmin sığınacaqların qalıqları bu gün də mövcuddur və kifayət qədər çoxdur.

Daha sonrakı dövrlərdə, altmışıncı illərin əvvəllərindən başlayaraq metropolitenlərin planlaması və tikintisi zamanı onlardan qismən sığınacaq kimi istifadə edilməsi də nəzərdə tutulurdu. Lakin yetmişinci illərdən sonra bu məsələyə artıq kütləvi şəkildə diqqət yetirilmədi. Çünki həmin dövrdə mühafizə sistemləri, xüsusilə havadan hücumlara qarşı müdafiə mexanizmləri fərqli konsepsiyaya keçmişdi və əvvəlki yanaşmalar arxa plana keçmişdi.

Nəticə etibarilə, indiki dövrdə bu sahə ilə bağlı ciddi və sistemli infrastruktur demək olar ki, mövcud deyil. Əsasən yeraltı kiçik keçidlər, yeni inşa olunmuş çoxmənzilli binaların zirzəmiləri və metropolitenlər müəyyən qədər istifadə oluna biləcək məkanlardır. Lakin kütləvi şəkildə vətəndaşların havadan hücumlardan qorunması üçün xüsusi və yetərli vasitələrin olduğunu demək çətindir. Havadan hücum vasitələrinin daha müasir texnologiyalarla həyata keçirilməsi səbəbindən- silah-sursatdan istifadə olunduğuna görə vətəndaşların qorunma mexanizmləri daha təkmilləşdirilib.

Keçmişdə bu kimi mühafizə tədbirləri demək olar ki, yetərli deyildi. Buna görə də vətəndaşların sığınacaqlarla təmin olunması məsələsinə daha çox önəm verilirdi. Lakin sonrakı dövrlərdə bu məsələ tədricən ikinci plana keçdi. 2000-ci illərdən sonra isə dünyanın bir çox şəhərlərində urbanizasiya və şəhərsalma layihələrində bu məsələyə yalnız bəzi ölkələr xüsusi diqqət ayırmağa davam etdilər”.

Seçilən
0
1
moderator.az

2Mənbələr