AZ

Region yanır, istiqamətlər dəyişir: Turist axını Bakıya yönələcək?

Yaxın Şərqdə, xüsusilə Körfəz hövzəsində artan hərbi-siyasi gərginlik qlobal turizm axınlarının istiqamətinə birbaşa təsir göstərən əsas amillərdən birinə çevrilib. Regional təhlükəsizlik riskləri, hava məkanında mümkün məhdudiyyətlər və səyahət davranışlarında baş verən dəyişikliklər turizm bazarında həm azalma, həm də alternativ istiqamətlərə yönəlmə tendensiyasını gücləndirir. Bu kontekstdə Azərbaycan da potensial risklər və eyni zamanda mümkün fürsətlər fonunda diqqət mərkəzinə çıxır.

Mövcud şəraitdə əsas sual ondan ibarətdir ki, regiondakı qeyri-sabitlik Azərbaycana turist axınının artmasına səbəb ola bilərmi və rəsmi Bakı belə bir ssenariyə institusional və infrastruktur baxımından nə dərəcədə hazırdır?

Turizm eksperti Ceyhun Aşurov Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən siyasi və hərbi gərginliklər region ölkələrinin turizm sektoruna birbaşa və dolayı təsirlər göstərir:

“İran və İsrail arasında baş verən hərbi qarşıdurma da Azərbaycan turizmi üçün müəyyən risklər yarada bilər. Bu iki ölkə son illərdə Azərbaycana turist göndərən əsas bazarlardan hesab olunur. Statistik göstəricilərə görə, 2024-cü ildə Azərbaycana İrandan təxminən 210 min turist səfər etmişdir. 2025-ci ildə isə bu rəqəm 209 min nəfər olmuşdur. İsraildən gələn turistlərin sayı isə 2024-cü ildə təxminən 29 min nəfər təşkil etdiyi halda, 2025-ci ildə 69 min nəfərə qədər artmışdır. Bu dinamika göstərir ki, hər iki ölkə Azərbaycan turizmi üçün mühüm və sürətlə inkişaf edən bazarlardır. Lakin İran və İsrail arasında hərbi münaqişənin baş verməsi bu bazarlardan gələn turist axınına mənfi təsir göstərə bilər. Müharibə şəraitində həm təhlükəsizlik riskləri, həm də iqtisadi və sosial qeyri-müəyyənliklər səbəbindən vətəndaşların xaricə səyahət etmə ehtimalı azalır. Nəticədə Azərbaycana səfər edən turistlərin sayında azalma müşahidə oluna bilər.  Bundan əlavə, regionda gərginliyin artması hava məkanının qismən bağlanmasına və ya uçuş marşrutlarının dəyişdirilməsinə səbəb ola bilər. Bu isə təkcə İran və İsraildən deyil, həm də Körfəz ölkələrindən Azərbaycana gələn turist axınına mənfi təsir göstərə bilər. Çünki bir çox beynəlxalq uçuş marşrutları məhz bu region üzərindən həyata keçirilir. Belə bir vəziyyət Azərbaycanın turizm sektorunda pandemiyadan sonra başlayan bərpa prosesini də ləngidə bilər. Turizm sənayesinin sabit inkişafı üçün regionda siyasi sabitlik və təhlükəsizlik mühüm amillərdən biri hesab olunur”.

“Nəticə etibarilə, İran–İsrail münaqişəsinin uzanması Azərbaycan turizm bazarında müəyyən risklər yarada və əsas turizm bazarlarından gələn turist sayının azalmasına səbəb ola bilər. Bu baxımdan turizm siyasətində bazarların şaxələndirilməsi və yeni mənbə ölkələrin cəlb olunması xüsusi əhəmiyyət kəsb edir”,- deyə sonda ekspert qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr