Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Fevral turizm üçün böhran ayı sayılır. Təsadüfi deyil ki, il ərzində ən ucuz təyyarə biletlərini məhz bu ayda əldə etmək mümkün olur. Xüsusilə Avropada, bura yaxın ərazilərdə, üstəlik, Şimali Amerikada fevral çox soyuq keçir, turizm üçün əlverişsiz dövr kimi yadda qalır.
Bizimyol.info xəbər verir ki, hər il bu vaxtlar Azərbaycana da xeyli az turist gəlir. Düzdür, qış turizminin öz yeri var. Cənub-Şərqi Asiyadan məhz qar görmək üçün bizim ölkəyə təşrif buyuranlar az olmur. Amma yenə də fevral turizm ayı hesab olunmur, bu nüans qonaqların sayında belə, özünü göstərir.
Azərbaycanda turizmi üçün ağır dönəm başlayıb. Halbuki mart bu sektorda ümidlərin doğduğu dövr kimi seçilirdi. Qışın yavaş-yavaş başa çatması vəziyyəti yaxşılaşdırmalıydı. Lakin bölgədə müharibənin alovlanması sektora ağır zərbə endirib. Küçələrdə nadir hallarda turist gözə dəyir. Səfərlər təxirə salınır. Paytaxtın mərkəzindəki restoranlarda müştəri görünmür. Qida sektoru ayrıca əziyyət çəkir. Bakının Nizami küçəsində neçə obyektin boşaldılması müşahidə edilir. Özü də icarə qiymətləri aşağı düşüb. İndi aylıq 4500-6000 manata yerlər tapmaq mümkündür.
Körfəz ölkələrindən Azərbaycana təyyarə uçuşları əsasən İran üzərindən həyata keçirilir. Buna görə də qonşu ölkədə döyüşlərin başlaması həmişə bəd xəbər sayılır. Bu mənada Azərbaycan turizminin bəxti gətirməyib. Məsələn, həmişə müqayisə etməyə alışdığımız Gürcüstanda belə narahatlıq yaşanmır.
Sahibkarlar onsuz da ağır şərtlərlə işləyirlər. Müharibənin başlaması vəziyyəti kəskin pisləşdirib. Belə görünür ki, döyüşlər yaxın günlərdə dayanmayacaq. Keçən ilin yayında da oxşar situasiya yaranmışdı. Onda təxminən bir aylıq böhran meydana gəlmişdi.
Turizmlə məşğul olanlar müharibə xəbərlərini diqqətlə izləyir. Yalnız döyüşlərin dayanması sektorda canlanma yarada bilər.
Aytən, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.