AZ

“Goldman Sachs” Avropada təbii qaz qiymətləri ilə bağlı proqnozunu yüksəldib

Bakı, 3 mart, AZƏRTAC

“Goldman Sachs Group”un analitikləri cari ilin aprel ayı üzrə Avropada təbii qaz qiymətləri ilə bağlı proqnozlarını meqavat-saat üçün 36 avrodan 55 avroya yüksəldiblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Yaxın Şərqdəki gərginlik fonunda Avropada təbii qaz qiymətlərində kəskin artım davam edir.

Köhnə qitədə “mavi yanacağın” fyuçers qiymətləri ötən həftənin sonundan etibarən 60 faizdən çox bahalaşıb. Bu, 2023-cü ilin avqustundan bəri qeydə alınan ən böyük artım göstəricisidir, eyni zamanda, 2022-ci ilin enerji böhranından bu vaxtadək müşahidə olunan ən kəskin qiymət dalğalanmasıdır.

Avropada qaz qiymətləri artıq ikinci gündür ki, artıq Niderlandın TTF habında aprel ayı üzrə fyuçers müqavilələrində meqavat-saat qazın qiyməti 30 faizdən çox bahalaşıb.

Ekspertlərin fikrincə, Avropada təbii qazın qiymətləri Yaxın Şərqdəki gərginliyin qlobal enerji təchizatında ciddi fasilələrə səbəb olacağı ilə bağlı narahatlıqlar, Hörmüz boğazından tankerlərin hərəkətinin dayandırılması və İranın pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində hədəfə alınan “QatarEnergy” şirkətinin mayeləşdirilmiş təbii qaz (LNG) qurğusunun bağlanması və buradan ixracının nə qədər müddətə dayandırılacağının təchizata təsiri ilə bağlı qeyri-müəyyənlik fonunda artır. Bu vəziyyət dörd il əvvəl Rusiya-Ukrayna gərginliyinin qlobal enerji ticarətinə təsirindən bəri təbii qaz bazarları üçün ən ciddi şok yaratmaq riskini daşıyır. Əgər Hörmüz boğazından daşınmalar bir ay dayandırılarsa, Avropada təbii qazın qiyməti iki dəfədən çox arta bilər.

Qiymətdəki artım tendensiyasının qlobal miqyasda da davam edəcəyi, təbii qaz anbarlarının doluluq nisbətinin aşağı olması səbəbindən bu vəziyyətin Avropa bazarına təsirinin daha hissedilən olduğu bildirilir. Çünki Avropa qış fəslinin son mərhələlərinə qədəm qoyur və böyük təbii qaz ehtiyatları tükənir ki, bu da qarşıdan gələn saxlama mövsümündə qlobal axınlar üçün rəqabəti gücləndirə bilər. Təchizat təhlükəsizliyinin Avropa üçün yenidən problemə çevrilə biləcəyi də qeyd olunur.

Qeyd edək ki, Hörmüz boğazı qlobal miqyasda LNG ixracının təxminən 20 fazinin daşındığı enerji nəqliyyatı marşrutudur.

Seçilən
16
1
azertag.az

2Mənbələr