AZ

Yaponiya hökuməti şirkətləri gəmilərini Körfəzə yaxınlaşdırmamağa çağırıb

Pekin, 3 mart, AZƏRTAC

Yaponiya hökuməti ölkənin gəmiçilik şirkətlərini Yaxın Şərqdəki münaqişə səbəbindən Körfəzdən uzaq durmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdəki gərginlik Yaponiyanın gəmiçilik və aviasiya sənayesinə ciddi təsir göstərib. Bu ölkənin iri gəmiçilik şirkətlərinin 40-dan çox tankeri Körfəzdə qalıb.

Yaponiya Gəmi Sahibkarları Assosiasiyasının rəhbəri Mitsuko Tottori deyib ki, əgər Hörmüz boğazının bağlanması uzanarsa, bu, Yaponiya iqtisadiyyatına böyük təsir göstərəcək. Bununla belə, hökumətdəki mənbənin “Kyodo”ya açıqlamasına görə, ölkənin böyük enerji şirkəti olan “Jera” üçün mayeləşdirilmiş təbii qazın tədarükü baxımından hazırda heç bir problem yoxdur. Rəsmi əlavə edib ki, şirkət sabit təchizatı təmin etməkdən ötrü hər cür səy göstərəcək.

Yaxın Şərqdəki münaqişə Yaponiyanın aviasiya sahəsinə də təsirsiz ötüşməyib. “Yaponiya Hava Yolları” Şirkəti martın 8-dək Qətərin paytaxtı Dohaya müntəzəm uçuşları dayandırdığını açıqlayıb.

Qeyd edək ki, Yaponiya xam neftin təxminən 95 faizini Yaxın Şərqdən idxal edir və bunun 70 faizə qədəri Hörmüz boğazından keçir. Yaponiya yanvarda gündə 2,8 milyon barel neft idxal edib ki, bunun da 1,6 milyonu Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Qətərdən gəlib. Yaponiyanın Qətər, Oman və BƏƏ-dən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü onun idxalının 11 faizini təşkil edir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara vurğulayıb ki, ölkəsinə məxsus şirkətlərin təxminən üç həftəlik istehlaka bərabər LNG ehtiyatı var. Ölkənin təcili neft ehtiyatı isə 254 günlük istehlaka bərabərdir.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Akazava Ryosei ölkənin neft ehtiyatlarından istifadə etmək üçün planın olmadığını söyləyib. Lakin o, İranda davam edən münaqişə səbəbindən hökumətin tədarükü yaxından izləyəcəyini vurğulayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
3
2
azertag.az

3Mənbələr