AZ

“5 ballıq təkan dağıntı yaratmamalıdır...” – Şamaxı zəlzələsi tikinti problemlərini üzə çıxardı

Şamaxıda baş verən zəlzələ nəticəsində bir sıra yaşayış evləri və obyektlərə ziyan dəyib. Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, yeraltı təkanlar əsasən Şamaxı və Ağsu rayonlarında hiss olunub və bəzi kəndlərdə dağıntılar qeydə alınıb.

Zəlzələ nəticəsində Şamaxı rayonunun Bağırlı, Ovculu, Çöl Göylər, Dağ Göylər, Çarhan, Adnalı, Nüydü, Quşçu kəndlərində, eləcə də Ağsu rayonunun Ləngəbiz, Qəşəd, Bico, Keçdiməz, Gəgəli və digər yaşayış məntəqələrində evlərdə təhlükəli çatlar yaranıb, yarımtikililərdə dağıntılar müşahidə edilib. Onlarla evə zərər dəydiyi, sakinlərə maddi itki yarandığı bildirilir (Oxu az).

Yada salaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.

Qeyd edilməlidir ki, 5 bala yaxın zəlzələ nisbətən zəif hesab olunur və normal halda ciddi dağıntılara səbəb olmamalıdır. Üstəlik, Şamaxı Azərbaycanın ən seysmik zonalarından biri sayılır. Bu halda sual yaranır – niyə evlər zəlzələyə tab gətirməyib? Seysmik ərazilərdə tikinti zamanı hansı tələblərə əməl olunmalıdır və nəzarət mexanizmi kimlərin üzərinə düşür?

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Şamaxı və ətraf rayonlarda hiss olunan 4.5-5 bal gücündə zəlzələlər normal tikililərdə dağıntıya gətirməməlidir:

WhatsApp

“Əgər tikinti normalara uyğun aparılıbsa, 5 bal gücündə zəlzələ dağıntıya səbəb olmamalıdır. Söhbət keyfiyyətsiz tikililərdən getmir. Normal tikililərdə hətta xırda çat belə yaranmamalıdır”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə Musavat.com-a açıqlamasında qeyd edib ki, ölkədə bir çox seysmik zonalar mövcuddur və bu ərazilərdə mütəmadi olaraq kiçik zəlzələlər və torpaq sürüşmələri baş verir:

WhatsApp

“Şamaxı-Ağsu istiqaməti də belə ərazilərdəndir. Keçmişdə bu istiqamətdə bir neçə kəndin köçürülməsi prosesi aparılmışdı. Bu ərazilərdə hətta kiçik zəlzələlər belə evlərin uçulmasına səbəb ola bilər. Çünki torpaq sürüşməsi və torpağın boş olması böyük dağıntılarla nəticələnə bilər. Ona görə də bu tip ərazilərdə müntəzəm müayinələr aparılmalıdır. Seysmik zonalarda yerləşən kəndlər, qəsəbələr və fərdi yaşayış evləri varsa, onların köçürülməsi və ya yeni tikiləcək evlərin zəlzələyə davamlı formada inşa olunması vacibdir. Zəlzələyə davamlı fərdi evlər əsasən yüngül konstruksiyalardan tikilir və bu tip evlər zəlzələ zamanı daha az zərər görür”.

Ekspertin sözlərinə görə, bir çox hallarda fərdi yaşayış evlərinin tikintisində mişar daşlarından istifadə olunur:

“Mişar daşından tikilən evlərdə torpağın cüzi çökməsi belə divarların partlamasına və uçmasına səbəb olur. Son illərdə, xüsusilə də Azərbaycanın yeni dövründə tikilmiş taxta və dəmir konstruksiyalı fərdi evlərə baxdıqda görürük ki, bu tip tikililər həm köçürülə bilir, həm də zəlzələ zamanı minimum zərər görür. Dünyada da seysmik zonalarda salınan yaşayış massivləri əsasən yüngül və elastik konstruksiyalardan inşa edilir. Kiçik zəlzələlər zamanı bu tip evlər mişar daşından, yəni kubikdən tikilən evlərlə müqayisədə daha dayanıqlı olur, divarların çatlaması və ya evlərin dağılması halları nadir müşahidə edilir”.


Seçilən
1
1
ekologiya.az

10Mənbələr