Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Səthin o tayında" adlı beynəlxalq incəsənət sərgisi keçirilir.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, sərgidə Azərbaycan, Gürcüstan, Türkiyə, Yeni Zelandiya, Kanada, eləcə də İran, Pakistan, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən olan rəssamlar iştirak edirlər.
Sərginin əsas məqsədi müxtəlif ölkələrin sənət nümayəndələrini bir araya gətirərək incəsənətin qlobal dialoq və mədəni körpü rolunu ön plana çıxarmaqdır.
Azərbaycan üzrə kurator Elminaz Qəhrəmanova bildirib ki, sərgidə ölkəni ümumilikdə 43 rəssam öz əsərləri ilə təmsil edir. Onun sözlərinə görə, təqdim olunan əsərlər müxtəlif texnikalarda – xalçaçılıq, sulu boya, qobelen və yağlı boya üslubunda işlənib.
Qeyd edək ki, "Səthin o tayında" beynəlxalq sərgisi incəsənətin sərhəd tanımayan dilini nümayiş etdirərək müxtəlif xalqlar arasında yaradıcılıq əlaqələrinin genişlənməsinə töhfə verməyi hədəfləyir. Tədbir Gürcüstanın mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirilir.
Sərgi martın 5-dək davam edəcək.