AZ

Azərbaycanlılar niyə hələ də odla oynayır? İlginc detal

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur və əsrlərdən gələn ənənəyə uyğun olaraq tonqallar qalanır. Lakin atəşə münasibətin islamla necə uzlaşdığı məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Bildirilir ki, qədim dövrlərdə zərdüştilik inancında müqəddəs sayılan od indi daha çox mədəni simvol kimi qəbul edilir.

Azərbaycanlılar niyə hələ də “odla oynayır”? Atəşə, oda sitayiş etmək islamla bir araya necə sığdırılır?

Globalinfo.az-a danışan ilahiyyatçı Fazil Əhməd deyib ki, islamdan əvvəl atəşpərəstlik mövcud olduğu üçün onun bəzi izləri bu gün də həyatımızda qalır:

“Novruz bayramı ilə bağlı Həzrət Peyğəmbərin hədisi və tövsiyələri var. Eyni zamanda Peyğəmbərdən sonrakı imamların da bu mövzuda buyuruqları mövcuddur. Hətta İmam Sadiqin nəql olunan “Novruz namazı” anlayışı da var. Rəvayətlərdə qeyd olunur ki, Peyğəmbərə Novruzun mahiyyəti izah edilərkən bildirilir ki, bu bayramda küsülülər barışır, insanlar təmiz geyimlər geyinir, evlər səliqəyə salınır, köhnə və yararsız əşyalar yenilənir, qohumlar bir-birini ziyarət edir və təbrikləşirlər. Peyğəmbərimiz də atəşpərəstliyə aid bəzi ayinləri, məsələn, odun üzərindən tullanmaq kimi mərasimlər kənara qoyulmaq şərti ilə bu bayramın keçirilməsinə icazə verildiyini bildirib. İslamda Novruzun tamamilə haram olması ilə bağlı ümumi bir hökm yoxdur. Əsas məsələ odur ki, bu cür adətlər Allaha şərik qoşmaq düşüncəsinə çevrilməsin”.

Fazil Əhməd

İlahiyyatçı bildirib ki, bir insan taleyinin oddan, tonqal qalamaqdan və ya onun üzərindən tullanmaqdan asılı olduğuna inanarsa, bu artıq ciddi problemdir:

“Amma insanlar bunu sadəcə adət-ənənə kimi edirlərsə, məsələyə radikal yanaşmaq doğru deyil. Bu kimi hallarda ən düzgün yol maarifləndirmədir. İnsanlara izah etmək lazımdır ki, bu ayinlərin dini əsası və həyatlarına xüsusi təsiri yoxdur. Digər tərəfdən, bəzi hallarda tonqal qalamaq üçün ağacların qırılması, kiminsə əmlakına ziyan vurulması və ya ətraf mühitə, qonşulara tüstü ilə narahatlıq yaradılması da düzgün deyil. Bu həm israfdır, həm də başqasının haqqına girməkdir. Ona görə də belə məsələlərdə sərt və radikal yanaşma əks təsir yarada bilər. Daha doğru yol maarifləndirmə və təbliğatdır ki, insanlar məsələni anlayaraq, düşünərək düzgün nəticəyə gəlsinlər”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr