AZ

Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd olunub

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi münasibəti ilə toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu olmuş yubilyar hər zaman peşəsinə yüksək sədaqətlə xidmət edib. Rəhim Hüseynzadənin BDU-nun Jurnalisttika fakültəsindən sonra Bakı Ali Partiya Məktəbini (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) də bitirdiyini deyən Mətbuat Şurasının sədri bildirib ki, əmək fəalliyyətinə 1973-cü ildə yeni yaradılmış Neftçala rayonundakı “Oktyabr bayrağı” qəzetinin (sonralar “Gündoğar” qəzeti) məktublar şöbəsinin müdiri kimi başlamış qələm sahibi bu mətbu orqanın ilk sayının işıq üzü görməsində iştirak edib. Rəşad Məcid, eyni zamanda, vurğulayıb ki, Rəhim Hüseynzadə Salyan rayonunun “Qələbə” qəzetinin məktublar şöbəsinin müdiri vəzifəsində 15 il fəaliyyət göstərib. 1992-1995-ci illərdə həmin rayonun icra hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışıb. 1995-ci ildə yenidən “Qələbə” qəzetinə eyni vəzifəyə qayıdıb. 1997-2004-cü illərdə isə “Vaxt” qəzetinin şöbə müdiri, “Hürriyyət” qəzetinin bölgə müxbiri, regional “Qırxçıraq” qəzetinin baş redaktoru olub.

O qeyd edib ki, Rəhim Hüseynzadə 2004-cü ilin mayından Azərbaycan Mətbuat Şurasında çalışmağa başlayıb. Həmin il iyun ayından 2017-ci ilədək Şuranın icraçı katibi vəzifəsini tutub. 2008-ci ildə Zərdabi Mətbuat Mərkəzinin sədri seçilib, qurumun media peşəkarlığının artırılmasına yönələn layihələrində yüksək təşəbbüskarlıq göstərib. Yubilyar yaradıcılıq sahəsindəki xidmətlərinə görə “Qızıl qələm” mükafatına, 20-dən artıq diplom və fəxri fərmana, Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb. O, həmçinin Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Rəşad Məcid çıxışının sonunda yubiley medalını və Mətbuat Şurasının diplomunu Rəhim Hüseynzadəyə təqdim edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov diqqəti özünün Şura sədri, Rəhim Hüseynzadənin qurumun icraçı katibi olduğu dövrə çəkib. O bildirib ki, yubilyar daha əvvəl müasir müstəqillik illərində ilk dəfə 2003-cü il martın 15-də keçirilmiş Azərbaycan jurnalistlərinin I qurultayına hazırlıq işlərində fəallıq göstərib, 2004-cü ildə Mətbuat Şurasına işə dəvət edilib. Əflatun Amaşov bildirib ki, 13 il Şuranın icraçı katibi vəzifəsində fəaliyyət göstərmiş Rəhim Hüseynzadə qurumun formalaşmasına, o cümlədən ayrı-ayrı təşkilati sənədlərin hazırlanmasına, ümumən, cəmiyyətdə medianın özünütənzimləməsini həyata keçirən vahid struktur olaraq tanınmasına böyük əmək sərf edib.

Əflatun Amaşov Rəhim Hüseynzadəni məsuliyyətli, tutduğu yola sadiq dost və həmkar kimi xarakterizə edən cəhətlərdən, habelə onun həssas insani keyfiyyətlərindən söz açıb, xatirələrini bölüşüb.

Tədbirdə çıxış edənlərdən veteran jurnalistlər və tələbə yoldaşları - Akif Cabbarov, Əli Şamil və İsrafil Qurbanov, “İki sahil” qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev, həmçinin “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları yubilyar qələm sahibinin Mətbuat Şurasının formalaşmasına və cəmiyyətdə yer tutmasına yönələn xidmətlərini yüksək qiymətləndiriblər. Onlar, eyni zamanda, Rəhim Hüseynzadəni səmimi insan kimi səciyyələndirən müxtəlif məqamlardan söz açıb, arzu və diləklərini çatdırıblar.

Övladı, Tarix İnstitutunun əməkdaşı Nurənə Huşiməndi toplantı iştirakçılarının təbriklərinə qoşularaq, veteren jurnalistin qayğıkeş ata obrazını canlandırıb.

Sonda çıxış edən Rəhim Hüseynzadə əməyinə, keçdiyi ömür yoluna verilən yüksək dəyərə, qədirbilənliklə söylənilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkürünü bildirib.

Seçilən
9
3
azertag.az

4Mənbələr