AZ

Azərbaycan rəssamlarının əsərləri Tbilisidə nümayiş etdirilir

Tbilisi, 3 mart, AZƏRTAC

Martın 3-də Gürcüstanın paytaxtı Tbilisidə "Səthin o tayında" adlı sərgi açlıb.

ÀZƏRTAC xəbər verir ki, beynəlxalq incəsənət ictimaiyyətini bir araya gətirən tədbirdə Azərbaycan, Kanada, Türkiyə, Yeni Zelandiya və Gürcüstan rəssamlatının əsərləri nümayiş etdirilir.

Sərgidə Azərbaycanın 44 rəssamının müxtəlif texnikalarda – xalçaçılıq, sulu boya, qobelen və yağlı boya üslubunda işlədiyi 100-dən çox əsəri sərgilənir.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Ehtiram Kərimov AZƏRTAC-a müsahibəsində deyib ki, bu beynəlxalq platformada fərqli mədəniyyətlər təmsil olunur. Məqsəd Azərbaycanın zəngin mədəniyyətinin, rəssamlıq sənətinin nümunələrini nümayiş etdirmək, eyni zamanda, ölkəmizi dünyaya tanıtmaqdır.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan üzrə əlaqələndirici Elminaz Qəhrəmanova isə bildirib ki, sərgidə 44 rəssamın əl işlərinin nümayişi rəmzi xarakter daşıyır. "Biz bununla həm də 44 günlük Vətən müharibəsinin əhəmiyyətini əks etdirməyə çalışmışıq. Ümid edirik ki, biz bununla kimliyimizi, xalqmızın qüdrətini bir daha dünya ictimaiyyətinə çatdıra bilmişik. Çünki rəssamlarımızın əsərlərinin izləyicilərinin sayının çox olması belə deməyə imkan verir", - deyə o vurğulayıb.

Azərbaycan Rəssamlar ittifaqının üzvü Rahim İbrahimov isə deyib: "Bəzən insanların söz ilə deyə bilmədiyini rəssamlar fırçanın dili ilə ictimaiyyətə daha yaxşı çatdırırlar. Bizim rəssamlarımız fırçanın dili ilə Azərbaycan mədəniyyətini, incəsənətini, keçmişini və bugününü izləyicilərə çatdırmağa çalışıblar".

Qeyd edək ki, rəssamların eyni məkanda birləşməsi bu sənətin qlobal dialoq vasitəsi kimi rolunu ön plana çıxarır, ölkələrarası mədəni əlaqələrin güclənməsinə mühüm töhfə verir. "Səthin o tayında” beynəlxalq sərgisi incəsənətin sərhəd tanımayan dilini nümayiş etdirərək müxtəlif xalqlar arasında qarşılıqlı anlaşma və yaradıcılıq körpüləri qurmağı hədəfləyir. Tədbir regionun mədəni həyatında əlamətdar hadisə olmaqla yanaşı, beynəlxalq sənət əməkdaşlığının inkişafına xidmət edən nüfuzlu platforma kimi dəyərləndirilir.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
22
2
azertag.az

3Mənbələr