İsrail İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin öldürülməsi üçün bir neçə il ərzində xüsusi əməliyyat hazırlayıb.
Editor.az APA-ya istinadən xəbər verir ki, “Financial Times” mənbələrə əsasən əməliyyatın detalları haqda məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı geniş casusluq və texniki vasitələrdən istifadə edilib. İsrailin xüsusi xidmət orqanları Tehran şəhərinin mərkəzindəki əksər yol kameralarına nəzarəti ələ keçirib, uzun müddət Xameneinin hərəkətini və görülən təhlükəsizlik tədbirlərini izləyib.
Əməliyyat zamanı xüsusi kameralar Xameneinin mühafizəçilərinin avtomobillərinin park edildiyi yerləri və yüksək təhlükəsizliklə qorunan ərazilərdəki gündəlik həyatı da qeydə alıb.
ABŞ-ın İranın daxilindəki casusları Xameneinin görüşə qatılacağını öncədən təsdiqləyiblər. Əməliyyat günü görüşün olduğu ərazidə mobil telefon antenaları deaktiv edilib, bu da xəbərdarlıq edilməsini əngəlləyib. Əməliyyatın sonunda 30-a qədər yüksək dəqiqlikli sursat hədəfə buraxılıb və Xamenei öldürülüb.