AZ

Avtobusda başlayan mübahisə qanla bitdi: “Sən kimsən mənim ağzımı cırırsan?”

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əziz Rəfiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi 6 ay azaldılaraq 3 il müddətə endirilib.

 

İttihama görə, Əziz Rəfiyev ötən il axşam radələrində yaşadığı Ağstafa rayonu, Köçəsgər kəndində qonşuluğunda yaşayan zərərçəkmiş Murad Əjdərova (adı, soyadı şərtidir) bıçaq xəsarəti yetirib.

 

İş materiallarına əsasən, hadisədən əvvəl təqsirləndirilən şəxs Ağstafa şəhərindən yaşadığı Köçəsgər kəndinə avtobusla qayıdarkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranıb. Avtobusda Murad onun boğaz nahiyəsindən tutaraq barmağını ağzına salıb. Bu hadisə tərəflər arasında gərginliyə səbəb olub.

 

Daha sonra Əziz məsələni aydınlaşdırmaq məqsədilə Muradın yaşadığı evin qarşısında onu gözləyib. Saat 22 radələrində evinin qarşısından keçən zərərçəkmiş şəxsi səsləyərək saxlayıb və aralarında yenidən mübahisə yaranıb. O, Murada “Sən kimsən mənim ağzımı cırırsan?” deyə irad bildirib. Ardınca zərərçəkmiş şəxs “yaxşı etmişəm” deyərək onun ünvanına nalayiq ifadələr işlədib. Həmin vaxt sərxoş vəziyyətdə olan Əziz şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əsəbiləşərək istintaqa məlum olmayan kəsici-deşici alətlə Muradın qarın nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə qarnın ön divarının boşluğa keçən iti alət yarası, köndələn çənbər bağırsağın zədələnməsi ilə müşayiət olunan xəsarət yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli hesab edilən sağlamlığa ağır dərəcəli zərər kimi qiymətləndirilib.

 

Kamal Məmmədov

Tarix: 4 Mart 2026, 08:06   
Seçilən
60
pravda.az

1Mənbələr