AZ

Moped sürənlər də “prava” almalıdır

Bu qərarın əsas səbəbləri qəzaların çoxalması və vətəndaş şikayətləridir

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi moped sürücülərinə müraciət edib. Müraciətdə bildirilir ki, moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, eləcə də onların digər hərəkət iştirakçıları kimi məsuliyyətlərini dərk etmələri və qanunvericiliyin tələblərinə əməl etmələrinin təmin olunması məqsədilə normativ-hüquqi bazaya müvafiq dəyişikliklər edilib.

Qeyd olunub ki, dəyişikliklərə əsasən, 26 mart 2026-cı il tarixindən etibarən moped idarə etmək üçün “A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunacaq. Müəyyən edilmiş tarixə az müddət qaldığı nəzərə alınaraq, moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları ərazi üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə edilir.

Bildirilib ki, bütün prosedurlar vahid qaydada həyata keçirilir və vətəndaşların rahat, operativ və bərabər əsaslarla xidmət alması təmin olunur.

Moped idarə etmək istəyən şəxslərdən müəyyən edilmiş müddəti nəzərə almaları və qeyd olunan tarixdən sonra inzibati məsuliyyətə cəlb edilməmələri üçün qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələri xahiş olunur.

Eldəniz

Eldəniz Cəfərov 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a açıqlamasında bu tələblərin yaranma səbəblərindən bəhs edib: “Mopedlərin sayı artdıqca, onlarla əlaqəli yol-nəqliyyat hadisələrinin sayı da artır. Əvvəllər biz bu qədər moped görmürdük. Pandemiya dövründə daşınma xidmətlərinə tələbin artması ilə mopedlərə ehtiyac da artdı və nəticədə digər nəqliyyat vasitələrinin iştirakı ilə qəzaların sayı da çoxaldı. Eyni zamanda müşahidə olunur ki, bəzi moped sürücüləri həm bilə-bilə, həm də bilməyərək yol hərəkəti qaydalarını pozurlar. Belə ki, mopedlərlə magistral və şəhər yollarında, hətta piyada keçidlərində ciddi qayda pozuntuları baş verir. Bu səbəbdən qəzalar baş verdikdə, zərərçəkmiş şəxslərin təzminat alması çətinləşirdi. Məsələn, bir qəza zamanı digər nəqliyyat vasitəsinə ziyan dəyə bilərdi, lakin həmin sürücü sığortadan istifadə edə bilmirdi və avtomobilini təmir etdirə bilmirdi. Çünki mopedin sığortası yox idi və sürücünü müəyyən etmək çətin olurdu. Çox vaxt mopedin sürücüsü həm sürücülük vəsiqəsi, həm də dövlət qeydiyyat nişanı olmayan şəxs olurdu.Bu çətinlikləri aradan qaldırmaq üçün qərar verildi ki, mopedlərə dövlət qeydiyyat nişanı verilsin və sürücülük vəsiqəsi tələb olunsun. Əvvəllər yalnız 50-90 sm-dən yuxarı yük daşıyan mopedlər üçün sürücülük vəsiqəsi tələb olunurdu. Yeni qərara əsasən, mopedin kubmetri az olsa belə, sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanı tələb olunacaq. Bu qərarın əsas səbəbləri yol hərəkəti qaydalarının pozulmasının artması, qəzaların çoxalması və vətəndaş şikayətləridir”.

Ekspert bildirib ki, bu, bütün moped sürücülərinin məsuliyyətsiz olması demək deyil: “Mopedləri sahibkarlıq fəaliyyətində düzgün istifadə edən vətəndaşlarımız da var. Onlar daşınma və digər xidmət sahələrində mopeddən səmərəli istifadə edirlər. Qısacası, yeni qaydalar yol təhlükəsizliyini təmin etmək və məsuliyyətsiz sürücüləri müəyyən etmək məqsədilə tətbiq olunur”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

 

Seçilən
118
34
musavat.com

10Mənbələr