AZ

Gələcəyin təhlükəsi: 2030-cu ilə qədər dünya əhalisinin 41 faizi artıqçəkili olacaq

Martın 4-ü Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür. 2020-ci ildən bu tarixdə qeyd olunan günün məqsədi sürətlə yayılan artıq çəki probleminə diqqət çəkməkdir.

AZƏRTAC piylənmə ilə bağlı bəzi statistik göstəriciləri təqdim edir.

1975-ci ildən bəri uşaqlar arasında piylənmə 3, yeniyetmələr arasında isə 5 dəfə artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2030-cu ilə qədər dünya əhalisinin 41 faizi artıqçəkili olacaq.

Məlumata görə, 6 yaşında artıq çəkisi olan uşaqların yarısı, yeniyetməlikdə isə 80 faizi gələcəkdə piylənmədən əziyyət çəkir. 1997-ci ildə ÜST piylənmənin qlobal epidemiyaya çevrildiyini qəbul etdi. O vaxtdan bəri həkimlər artıq çəki və piylənmə problemi ilə bağlı intensiv ictimai maarifləndirmə kampaniyası aparır, piylənmənin səbəblərini izah edir, insanları onun nəticələri barədə məlumatlandırır, qarşısının alınması və müalicə variantları haqqında məlumat verirlər.

Piylənmə sadəcə estetik problem deyil, ürək-damar xəstəlikləri, xərçəng, diabet və sümük-əzələ sistemi xəstəliklərinə yol açan xroniki patologiyadır. Əsas səbəblər oturaq həyat tərzi, qeyri-sağlam qidalanma və xroniki stresdir. Eyni zamanda, bu problem ciddi psixoloji çətinliklərə də səbəb olur.

Effektiv mübarizə üçün fərdiləşdirilmiş pəhriz, fiziki aktivlik və stresin idarə olunması vacibdir. ÜST hökumətləri zərərli qidaların reklamını məhdudlaşdırmağa, şəkərli içkilərə vergiləri artırmağa və əhali üçün idman sahələrini genişləndirməyə çağırır.

Seçilən
0
6
azerbaijan-news.az

7Mənbələr