AZ

Krediti olanların NƏZƏRİNƏ: Bu halda bank sizə ödəniş etməlidir

Son illər Azərbaycanda kredit götürən vətəndaşların ən çox narazı qaldığı məsələlərdən biri də həyat sığortası ilə bağlı ödənişlərin geri qaytarılmasıdır. Bankdan istehlak və ya ipoteka krediti alan şəxslər, demək olar ki, avtomatik şəkildə həyat sığortası müqaviləsi də imzalamağa məcbur olurlar. Kredit müddəti başa çatmadan borc tam şəkildə ödənildikdə isə ortaya yeni sual çıxır: əvvəlcədən ödənilmiş sığorta haqqının taleyi necə olur?

Mövzu ilə bağlı iqtisadçı Razi Abbasbəyli KONKRET.az-a açıqlamasında bildirib ki, vətəndaş kredit borcunu vaxtından əvvəl tam şəkildə ödəyərək bağlayırsa, istifadə olunmamış dövr üzrə həyat sığortası haqqının bir hissəsini geri almaq hüququna malikdir.

Razi

“Bu məsələ “Sığorta fəaliyyəti haqqında” qanunvericilik və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir. Qaydalara əsasən, kredit vaxtından əvvəl bağlanıbsa və sığorta müddəti hələ bitməyibsə, vətəndaş istifadə etmədiyi müddət üçün ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər”.

Razi Abbasbəylinin sözlərinə görə, praktikada istifadə olunmamış sığorta məbləğinin 100 faizi deyil, adətən 80 faizi geri qaytarılır. Bu, sığorta şirkətlərinin inzibati xərclər və komissiya haqları kimi müəyyən tutulmalar aparması ilə bağlıdır.

“Prosedura uyğun olaraq, vətəndaş kreditin tam bağlanması barədə bankdan arayış almalı və sığorta şirkətinə yazılı müraciət etməlidir. Kredit öhdəliyinin bitdiyi təsdiqləndikdən sonra şirkət istifadə olunmamış dövr üzrə hesablanmış məbləği geri ödəməlidir.
Son dövrlər bəzi sığorta şirkətləri vətəndaşlara vəsaitin yalnız 30–40 faizini qaytarmağa çalışır və ya prosesi müxtəlif bəhanələrlə uzadır. Belə hallarda vətəndaş rəsmi şəkildə yazılı imtina sənədi tələb etməlidir.
Bu sənəd əsasında şikayət Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim oluna bilər. Mərkəzi Bank səviyyəsində məsələ həllini tapmadıqda isə vətəndaşın məhkəməyə müraciət etmək hüququ var”.

Ekspert vurğulayır ki, kredit götürərkən bağlanan həyat sığortası müqaviləsinin şərtləri diqqətlə oxunmalıdır.

“Çünki bəzi hallarda kredit öhdəliyi bitsə də, sığorta müqaviləsində öhdəliklərin davam etməsi ilə bağlı bəndlər yer alır. Vətəndaş buna könüllü razılıq veribsə, sonradan vəsaiti geri almaq mümkün olmaya bilər.
Həyat sığortası müqavilələrinin forması və təklif şərtləri şirkətlərə görə fərqləndiyindən, hər bir vətəndaş sənədi imzalamazdan əvvəl bütün bəndlərlə diqqətlə tanış olmalıdır”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
157
2
konkret.az

3Mənbələr