AZ

Azərbaycan geosiyasi və iqtisadi aktor kimi çıxış edir - RƏY

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycanın xarici siyasəti xüsusilə 44 günlük Qarabağ müharibəsindən sonra yeni bir mərhələyə qədəm qoyub. Ölkə artıq yalnız münaqişə gündəminə fokuslanmır, daha geniş geosiyasi və iqtisadi baxışa malik aktor kimi çıxış edir. Bu transformasiyada Prezident İlham Əliyevin rolu danılmazdır. Məhz onun rəhbərliyi ilə Azərbaycan balanslaşdırılmış xarici siyasət xəttini qoruyaraq həm Qərb, həm də Şərq istiqamətində paralel və praqmatik əməkdaşlıq modelini dərinləşdirib. Sülh yolunu seçən Azərbaycan postmüharibə mərhələsində regionda sabitliyin təşəbbüskarlarından biri kimi çıxış edir.

Bunu AZƏRTAC-a müsahibəsində qloballaşma və milli dövlət mübahisələri üzrə tədqiqatçı, Topçubaşov Mərkəzinin eksperti Turan Qafarlı deyib.

O bildirib ki, ABŞ-ın təşəbbüsü ilə yaradılan yeni Sülh Şurası platformasında iştirak, Avropa ilə inteqrasiyanın güclənməsi, enerji sahəsində Avropanın təhlükəsizliyinə verdiyi real töhfə, Türkiyə ilə strateji müttəfiqliyin dərinləşməsi və Türk Dövlətləri Təşkilatında artan rol bu xəttin əsas sütunlarıdır. Eyni zamanda, Çinlə əlaqələrin genişlənməsi və Orta Dəhliz çərçivəsində Zəngəzur dəhlizinin geoiqtisadi əhəmiyyəti Azərbaycanın Avrasiya məkanında mərkəzi oyunçuya çevrildiyini göstərir. Bu strategiya uzunmüddətli perspektivdə ölkəyə ciddi dividendlər vəd edir. Çünki Azərbaycan artıq regional təhlükəsizliklə yanaşı, enerji, nəqliyyat, logistika və diplomatiya sahələrində də mühüm rol oynayır.

Ekspert qeyd edib ki, Azərbaycan bu gün regionda sabitlik adası kimi qəbul olunur və nüfuzu sürətlə artır: “Avropanın enerji təhlükəsizliyində Bakının rolu strateji səviyyəyə yüksəlib, eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Suriya kimi Yaxın Şərq ölkələri ilə də münasibətlərin inkişafı Azərbaycanın çoxşaxəli diplomatiyasını gücləndirir. Orta Şərqə verdiyi mesajlar, Türk dünyası ilə dərinləşən inteqrasiya və qonşularla işlək əməkdaşlıq modeli göstərir ki, Azərbaycan artıq öz gələcəyini həm münaqişə sonrası reallıqlara, həm də bütövlükdə regionun iqtisadi və siyasi arxitekturasına təsir edə biləcək səviyyədə qurur. Bu isə ölkənin gələcək onilliklər üçün həm geosiyasi, həm də iqtisadi baxımdan daha möhkəm və perspektivli mövqedə olacağını deməyə əsas verir”.

Müsahibənin geniş variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.

Seçilən
13
1
azertag.az

2Mənbələr