AZ

Müctəba Xamenei məsələsi: İranın yeni ali lideri niyə hələ elan olunmur?

Londonda fəaliyyət göstərən “Iran International” telekanalı vasitəsilə yayılan və dünyanın bir çox media qurumları tərəfindən tirajlanan xəbərlərə görə, İranın mərhum ali dini lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ölkənin yeni ali dini lideri seçildiyi iddia olunur. Lakin bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, İranın yarırəsmi “Tasnim” agentliyi yayımladığı məlumatda bu xəbərləri dolayı yolla təkzib edən açıqlama təqdim edib. Agentliyin məlumatına görə, Ekspertlər Şurasının üzvü Ayətullah Xatəmi bildirib ki, yeni ali liderin seçilməsi prosesi davam edir.
 
Məlumatda deyilir:
 
“İnşallah, ilk fürsətdə lider təyin olunacaq və bu proses artıq yekunlaşmağa yaxınlaşır”.
 
Bu açıqlama göstərir ki, rəsmi Tehran hələlik yeni ali dini liderin seçilməsi barədə yekun qərarın elan edildiyini təsdiqləmir.
 
Bununla belə, Musavat.com-un əldə etdiyi məlumatlara görə, İranın siyasi və dini dairələrində fərqli ssenarilər müzakirə olunur. İddialara görə, 88 nəfərdən ibarət Ekspertlər Şurası Müctəba Xameneinin yeni ali dini lider seçilməsi barədə artıq qərar qəbul edib. Lakin bu qərarın rəsmi şəkildə elan olunması müxtəlif siyasi və təhlükəsizlik səbəbləri ilə gecikdirilə bilər.
 
Mənbələrin iddiasına görə, bu gecikmənin əsas səbəblərindən biri ABŞ-la aparılan mümkün danışıqlar və regionda yaranmış hərbi-siyasi vəziyyətlə bağlıdır. İddialara əsasən, Tehran yeni ali liderin adını rəsmi şəkildə açıqlamazdan əvvəl müəyyən diplomatik və təhlükəsizlik məsələlərinin həllini gözləyə bilər.
 
Ekspertlərin fikrincə, Müctəba Xameneinin ali dini lider kimi elan olunması indiki mərhələdə onu birbaşa hədəfə çevirə bilər. Bu səbəbdən rəsmi elan məsələsinin müəyyən müddətə təxirə salınması ehtimalı istisna edilmir.
 
Hazırda regionda yaranmış vəziyyət də bu ehtimalları gücləndirir. Məlum olduğu kimi, İsrail və ABŞ-ın İran səması üzərində hərbi üstünlüyü ilə bağlı iddialar tez-tez gündəmə gətirilir. İranın hava hücumundan müdafiə sisteminin zəif işləməsi barədə yayılan məlumatlar da Tehran rəhbərliyinin təhlükəsizlik məsələlərinə daha həssas yanaşmasına səbəb olur.
 
Belə bir şəraitdə Tehran rəhbərliyi mümkün təhlükələrin azalmasını və beynəlxalq mühitin nisbətən sabitləşməsini gözləyə bilər.
 
Beləliklə, İranın yeni ali dini liderinin kim olacağı və bu qərarın nə vaxt açıqlanacağı məsələsi hələ də regionun və dünya mediasının diqqət mərkəzində qalır.
 
Seçilən
0
2
moderator.az

3Mənbələr