AZ

Azərbaycanın enerji diplomatiyası strareji sütuna çevrilib

Enerji sahəsində Azərbaycanın qazandığı uğurlar bu istiqamətdə ölkəmizin yaratdığı yeni reallıqları əks etdirir. Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri, keçirilən beynəlxalq əhəmiyyətli, tərəfdaşlar arasında yeni münasibətlərin əsası kimi dəyərləndirilən beynəlxalq tədbirlər Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir. Bununla da Azərbaycan bütün Avropa üçün strateji tərəfdaş kimi qəbul edilir.

Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi.  Bu iclas ölkəmizin Şərqlə Qərb arasında etibarlı körpü rolunu bir daha təsdiqləyir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində toplantıların iştirakçılarının hər il artan say tərkibinə diqqət yetirdikdə tədbirin əhəmiyyəti, burada müzakirə olunan məsələlərin aktuallığı, birgə səylərin göstərilməsində tərəflərin marağı özünü aydın şəkildə nümayiş etdirir. Belə ki, toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalarla davam etdi. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olundu. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir.  Dövlətimizin ekoloji siyasəti dərin praqmatizmə əsaslanır. Ənənəvi keçirilən bu tədbir qlobal səviyyədə iqtisadi mənzərənin təqdimatında əhəmiyyətli rol oynadı.  Bu gün Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi və genişləndirilməsi istiqamətində yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi artıq 5 ildir ki, fəaliyyətdədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan qazının Avropaya təchizatının arealı ildən-ilə genişlənir. Əgər layihənin ilkin mərhələsində 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi qeyd etdi ki, artıq bir neçə ildir Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi yaşıl gündəlikdir və bu istiqamətdə də müsbət nəticələr barədə məlumat verə bilərik.  Bərpa olunan enerji mənbələri sahəsində Azərbaycan artıq təsirli nəticələr əldə edib. Belə ki, ACWA Power ilə birgə 240 MVt gücündə regionun ən böyük külək elektrik stansiyası istismara verilib, Masdar şirkətinin 230 MVt gücündə günəş elektrik stansiyası uğurla fəaliyyət göstərir. 2032-ci ilə qədər alternativ mənbələrdən generasiya gücünü 6–8 QVt-a çatdırmağı planlaşdırırıq ki, bu da niyyət protokolları ilə deyil, real müqavilələrlə təsbit olunub. Paralel olaraq işğaldan azad edilmiş ərazilərdə hidroenergetika sürətlə bərpa olunur: artıq 307 MVt güc istifadəyə verilib və növbəti üç il ərzində bu göstəricinin iki dəfə artırılması nəzərdə tutulur. Azərbaycan Qazaxıstan və Türkmənistan nefti üçün etibarlı tranzit habıdır, İtaliya və Türkiyədə ümumi gücü 22 milyon ton olan neft emalı zavodlarına sərmayə yatırır, həmçinin Qara dənizin dibi ilə Avropaya birbaşa təmiz enerji ötürülməsini nəzərdə tutan enerji kabeli kimi yeni “yaşıl dəhlizlər” formalaşdırır. ABŞ və aparıcı qlobal şirkətlərlə strateji tərəfdaşlığımız enerji sistemlərinin idarə olunmasında süni intellekt və müasir texnologiyaların tətbiqinə imkan yaradır.

Azərbaycanın enerji diplomatiyasının ən böyük iqtisadi nəticəsi özünü ixrac coğrafiyasının sürətli genişlənməsində göstərir. Hazırda boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada ön sıralarda olması təsadüfi deyil. Bu, gəlirlərin sabitləşməsi və geosiyasi risklərin minimuma endirilməsi deməkdir. Göründüyü kimi, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün həm siyasi iradəyə, həm də unikal təbii-intellektual potensiala malikdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Seçilən
6
ikisahil.az

1Mənbələr