AZ

Uşaqlar niyə "fastf ood"a meyl edirlər? - AÇIQLAMA

 "Uşaqlar evdə bişən yeməklərə deyil, daha çox kafe, restoran və "fast food" (“ayaqüstü yemək”) yeməklərinə üstünlük verirlər. Bunun kifayət qədər səbəbİ var. Əgər məsələyə müstəqil fərd kimi formalaşan bir uşağın mövcud vəziyyəti qiymətləndirməsi baxımından yanaşsaq, əslində onlar öz seçimlərində müəyyən mənada haqlıdırlar. Niyə? Çünki biz evdə yeməyi monotonlaşdıranda, qidalanma prosesini eyni və maraqsız hala gətirəndə uşağın həmin yeməyə marağı azalır. Ümumiyyətlə, cəmiyyət olaraq qidalanmada kifayət qədər səhvlərimiz var".

Redaktor.az xəbər verir ki, bu fikirləri 4 mart - Dünya Piylənmə Günü ilə bağlı keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə dedi.

O əlavə etdi ki, kənar məkanlarda isə vəziyyət fərqlidir:

"Əvvəla, seçilən məkanın özü maraqlıdır. Ora əyləncə mühitidir. Musiqi səslənir, fərqli ab-hava var. Təqdimat forması cəlbedicidir. Uşaq həmin məkana gedib toyuq şorbası yemir; o, fast-food seçir, daha sürətli hazırlanmış, dadı gücləndirilmiş, duzlu, şəkərli, xüsusi dadlandırıcılar əlavə olunmuş yeməklər. Üstəlik, bu qidalar rəngarəng və cəlbedici qablaşdırmada təqdim olunur. Televiziyada və sosial mediada sevdikləri qəhrəmanlar tərəfindən reklam edilir. Şəkərli və asılılıq yarada bilən içkilər də bu menyunun bir hissəsidir. Təbii ki, bu amillər uşağa daha cəlbedici gəlir və o seçimi edir.

Digər mühüm məqam ondan ibarətdir ki, biz çox vaxt bu qidaları mükafat kimi təqdim edirik. Mükafat olaraq verilən hər bir şey uşağın şüuraltında daha dəyərli və arzuolunan kimi formalaşır. Beləliklə, həmin qidalar “xüsusi” və “daha dadlı” kateqoriyasına keçir. Yemək üsulu da rol oynayır. Bir tərəfdə evdə qaşıqla şorba içmək var, digər tərəfdə isə əli ilə rahat tutub yeyə biləcəyi, hissə-hissə istehlak edəcəyi, müxtəlif souslara batıraraq dadını artıracağı yeməklər var. Mayonez, ketçup və digər dadlandırıcılar uşağın marağını daha da artırır. Bəzən valideynlər evdə də yanlış üsula əl atırlar, ekran qarşısında yemək yedirtməyə çalışırlar. Bu zaman uşağın diqqəti tamamilə cizgi filmində və ya YouTube-da olur, valideyn isə fürsətdən istifadə edib onu tez yedirtməyə çalışır. Fast-food məkanında da diqqət ətraf mühitə yönəlir, uşaq əylənir və üstəlik dadlı yemək təqdim olunur. Təbii ki, bu variant ona daha cəlbedici görünür".

Nuriyyə NATİQQIZI

Seçilən
81
2
redaktor.az

3Mənbələr