Bakı, 4 mart, AZƏRTAC
Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın qlobal enerji sistemində artan əhəmiyyətini bir daha nümayiş etdirir.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə dünya enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik, geosiyasi qarşıdurmalar və enerji resurslarının alətə çevrilməsi cəhdləri etibarlı və məsuliyyətli tərəfdaşlara olan ehtiyacı daha da artırır.
“Azərbaycan uzunmüddətli və düşünülmüş enerji strategiyası həyata keçirərək həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Cənub Qaz Dəhlizi bu baxımdan yalnız iqtisadi layihə deyil, eyni zamanda geosiyasi sabitliyə xidmət edən strateji platformadır. Azərbaycan qazının Avropa bazarlarına nəqli enerji mənbələrinin şaxələndirilməsi siyasətində mühüm yer tutur. Nazirlərin 12-ci iclasında ötürücülük gücünün artırılması, yeni tərəfdaşların cəlb edilməsi və uzunmüddətli müqavilə mexanizmlərinin genişləndirilməsi məsələlərinin müzakirəsi Azərbaycanın enerji təchizatında davamlılıq prinsipinə sadiqliyini göstərir. Ölkəmiz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam yerinə yetirir. Bu isə Azərbaycanın beynəlxalq imicini daha da gücləndirir”, – deyə deputat əlavə edib.
Komitə sədri bildirib ki, paralel olaraq Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən 4-cü iclas Azərbaycanın enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını simvolizə edir. Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinin inkişafı, xüsusilə külək və günəş enerjisi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir: “Bu gün Azərbaycan təkcə karbohidrogen ehtiyatları ilə deyil, həm də yaşıl enerji potensialı ilə diqqət mərkəzindədir. Xəzər dənizinin böyük külək ehtiyatları, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyası ölkəmizin gələcək enerji xəritəsində mühüm yer tutur. Bu istiqamətdə xarici investorlarla əməkdaşlıq və ixrac imkanlarının yaradılması enerji portfelimizin şaxələndirilməsinə xidmət edir. Təhlükəsiz, fasiləsiz və dayanıqlı enerji təchizatının təmin edilməsi yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli enerji siyasəti ölkəmizi regionda sabitləşdirici gücə çevirir. Həm ənənəvi, həm də alternativ enerji sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminatçılarından biri kimi mövqeyini daha da möhkəmləndirir”.