AZ

Uzunmüddətli perspektivdə Cənub Qaz Dəhlizinin strateji rolu daha da güclənəcək – ŞƏRH

Bakı, 4 mart, AZƏRTAC

Cənub Qaz Dəhlizi layihəsi son illərdə təkcə Azərbaycanın enerji ixrac strategiyasının əsas istiqamətlərindən biri kimi deyil, həm də regionda yeni enerji və geosiyasi balans formalaşdıran mühüm platforma kimi qiymətləndirilir. Bu layihə vasitəsilə Xəzər hövzəsinin enerji resursları Türkiyə üzərindən Avropa bazarlarına nəql olunur və Ankara regionun əsas enerji tranzit qovşaqlarından birinə çevrilir. Eyni zamanda, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı enerji sahəsində yeni mərhələyə qədəm qoyaraq regional əməkdaşlığın daha geniş formatda inkişafına şərait yaradır.

Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb və boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Qaz təchizatının coğrafiyasının genişlənməsi, yeni bazarlara çıxışın təmin olunması, həmçinin “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqları üzrə hasilatın artırılması planları Azərbaycanın enerji ixrac imkanlarını daha da genişləndirir.

Mövzu ilə bağlı türk ekspert Engin Özer AZƏRTAC-a açıqlamasında Cənub Qaz Dəhlizinin regionun enerji təhlükəsizliyi, Türkiyənin enerji tranzit mərkəzi kimi rolu və Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının inkişafı baxımından əhəmiyyətini dəyərləndirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan TANAP layihəsi təkcə regional enerji infrastrukturu deyil, həm də Türkiyənin enerji təhlükəsizliyi strategiyasında mühüm geosiyasi alət kimi çıxış edir.

Ekspert bildirib ki, Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı əsas strategiyalarından biri mümkün qədər çox sayda boru kəmərinin ölkə ərazisindən keçməklə Avropaya çatdırılmasıdır. Bu baxımdan TANAP layihəsi xüsusilə Ukrayna müharibəsindən sonra daha da əhəmiyyətli olub.

“Bu gün artıq bəzi layihələrin xüsusilə “Türk axını” və “Mavi axın” kimi qaz kəmərlərinin gələcəyi əvvəlki qədər aydın görünmür. Avropanın qaz idxalı ilə bağlı qəbul etdiyi yeni qərarlar və enerji siyasətində baş verən dəyişikliklər bu layihələrin populyarlığının azalmasına səbəb olur. Bu şəraitdə TANAP yalnız Türkiyənin deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Türkiyə üçün Avropa ilə diplomatik münasibətlərdə ciddi bir rıçaq kimi çıxış edir”, – deyə E.Özer vurğulayıb.

O, qeyd edib ki, Ukrayna müharibəsindən sonra Rusiyadan qaz idxalının azaldılması Mərkəzi Asiya qaz ehtiyatlarının strateji əhəmiyyətini daha da artırıb. Bu baxımdan TANAP həm də regionda strateji əməkdaşlıq platformasına çevrilib.

Ekspertin fikrincə, layihə yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır: “TANAP vasitəsilə Mərkəzi Asiya ölkələri ilə, xüsusilə Azərbaycanla hərbi və siyasi əməkdaşlıq da genişlənir. Bu səbəbdən layihəyə yalnız enerji layihəsi kimi baxmaq doğru olmaz”.

E.Özer bildirib ki, uzunmüddətli perspektivdə Avropanın artacaq qaz tələbatının Mərkəzi Asiya, xüsusilə Türkmənistan qazı hesabına ödənilməsi gözlənilir və bu qazın əsasən Xəzər regionu vasitəsilə nəql olunması TANAP-ın strateji rolunu daha da gücləndirəcək.

“Rusiya-Ukrayna müharibəsindən əvvəl bu qədər açıq görünməyən bir proses indi daha aydın şəkildə müşahidə olunur. TANAP layihəsi Orta Asiyada bir sıra ölkələr arasında siyasi yaxınlaşmanın və əməkdaşlığın formalaşmasına da təsir göstərir və bu proses getdikcə sürətlənir”, – deyə ekspert əlavə edib.

Seçilən
32
1
azertag.az

2Mənbələr