AZ

Ruhəngiz Musəvi verilişdəki davranışına aydınlıq gətirdi: “Əli Mirəliyevlə duet oxuduğuma görə peşman olmuşam…”

Əməkdar artist Ruhəngiz Musəvinin "Xəzər axşamı" verilişinin qonağı olarkən ona illər əvvəl çəkilmiş müğənni Əli Mirəliyevlə birlikdə ifa etdiyi duetin arxiv kadrları təqdim edilərkən nümayiş etdirdiyi davranış müzakirə yaradıb.  Belə ki, o, üzünü yana çevirərək həmkarını görmək istəmədiyi reaksiyasını verib.

 
Pravda.az-a açıqlama verən R.Musəvi Əli Mirəliyevin onun qəlbini qırdığını, küsülü olduğunu deyib.
 
O, xatırladıb ki, efirlərin birində canlı yayımda Ə.Mirəliyev onun barəsində kəskin ifadələr səsləndirib: “Məni düz anlayın. Canlı yayımda mənə nələr dedi. Buna səbəb isə Əli Mirəliyev haqqında “çatana söz atır, yaxşıya da pisə də...” deməyim olmuşdu. Mənə toxunan ifadəsi “Mən səni oxuyan etmişəm” olub. Fakt odur ki, ondan əvvəl oxumuşam. Bilmirəm, niyə belə deyib, ürəyim qırılıb. Gərək mənə elə deməzdi... Mən onunla oxuyanda o, belə insan deyildi. Niyə belə oldu, bu insan niyə dəyişdi. Ruhəngiz oxuyanda sən hələ yox idin... Bunu hamı bilir. Danışığını bilmir… Həssas insanam, başqaları kimi deyiləm. Onunla duet oxumuşam. Heç olmasa, o duetlərə hörmət etsin. Mənə nələr deyib. Ayıb olsun ona. Hamı bilir ki, mən həyatda necəyəmsə, efirdə də eləyəm. Xasiyyətimə görə belə baxanda, bu sənətin adamı da deyiləm. Dediyi sözlər beynimdən çıxmır. Stress keçirdim”.
 
R.Musəvi yaranan inciklikdən sonra da Ə. Mirəliyevlə danışmadığını, onu görmək istəmədiyini qeyd edib: “Heyf ki, mən onunla duetlər oxumuşam. Peşman olmuşam onunla oxumağıma. Bütün nə oxumuşamsa, mənim səsimdə yaxşı alınıb, səsimə düşən mahnılardır, mənə görə də sevilib. Bəlkə başqa xanımla oxusaydı, heç elə alınmazdı. Kimsə onun dediklərinə görə cavab verməyib deyə ona toxunub. Düzgünlüyü sevən insanam, nə var, onu demişəm. Mənim kimsəylə işim yoxdur. Məni oxuyan sən etməmisən? Birincisi, Allah vergisidir, Rəşid Behbudovun teatrında oxumuşam. O cür dahi sənətkar məni teatrına dəvət edib. İndi sən məni oxuyan etmisən? Gülməlidir bu...Toy şənliklərinə Qulu Əsgərov, Yaqub Məmmədov, Akif İslamzadə, Alim Qasımovla da getmişəm. Mənə isə deyir “Səni mən toya aparmışam”. O söhbət mənə toxunub. Mən başqaları kimi arsız deyiləm, bütün əsəblərim korlanıb. Allah məni qoruyur. Əli Mirəliyev heç kimi bəyənmir. Belə şey olar? Verilişlərdə elə oxuyanların adını çəkib ki, adam dəhşətə gəlir… Özü də deyib ki, “Məni heç kim tanımadı, qalmaqalla indi hamı tanıyır”. Hansı oxuyan belə hərəkət edib?  Mənə deyirlər boş ver, o hamıya elə deyir. Amma olmur... Həmin vaxtlar hətta efirlərə də çıxmaq istəmirdim. Əlinin xasiyyəti belədir. Əvvəldən də heç kəsi bəyənmirdi. Belə olmaz axı, mənim kimi insana toxunmaq olmaz. Bəziləri deyir, nahaq yerə Ruhəngiz xanım belə etdi. Mən verilişə gəlmişəm, nə bilim ki, həmin görüntüləri qoşacaqlar? Onunla cavanlıqda duet oxumuşam. Cavanlıqda bu belə idi? Onda efirlərdə belə şeylər yox idi axı...”
 
Seçilən
5
1
yenilik.az

2Mənbələr