AZ

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan ROLU

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.

Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında edilən paylaşımda qeyd olunub.

"Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir", - paylaşımda bildirilib.

Azərbaycanın 16 ölkəyə qaz ixrac etməsi və xüsusilə Avropanın enerji təhlükəsizliyində artan rolu iqtisadi və geosiyasi baxımdan nə vəd edir?

“Cebheinfo.az"-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının nazirlər iclasında cənab Prezident İlham Əliyev çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub. 

Deputat qeyd edib ki, dövlət başçısı Azərbaycanın artan təbii qaz hasilatı potensialını və ixrac imkanlarının genişləndirilməsini xüsusi vurğulayıb.

“Nəzərə alsaq ki, 2025-ci ilin əvvəllərində keçirilən əvvəlki nazirlər iclası zamanı Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edirdi. Artıq Azərbaycanın təbii qaz nəql etdiyi ölkələrin sayı 16-ya çatıb. Bu, mavi qaz məhz boru kəmərləri vasitəsilə həyata keçirilir. Praktiki olaraq Azərbaycan boru kəmərləri vasitəsilə ən çox ölkəyə mavi qaz nəql edən dövlətə çevrilib.

Bu da məhz Cənub Qaz Dəhlizi layihəsinin uğurla reallaşdırılması nəticəsində mümkün olub. Xüsusən nəzərə alsaq ki, yaxın illərdə Azərbaycan qaz hasilatını təxminən 15 milyard kubmetr artırmaq imkanına malik olacaq, bu isə ölkənin, xüsusilə Avropaya daha çox qaz tədarük etməsinə şərait yaradacaq”.

Vüqar Bayramov Azərbaycanın qaz hasilatı və ixrac göstəricilərini şərh edib:

“Ötən il Azərbaycanda mavi qaz hasilatı 51,5 milyard kubmetr təşkil edib. Eyni zamanda, 25,2 milyard kubmetri ixrac olunub. Bu ixracın 12,8 milyard kubmetri isə Avropanın payına düşüb. Bu rəqəmlər göstərir ki, boru kəmərləri, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə növbəti illərdə Avropaya qaz nəqlinin daha da artırılması mümkündür.

Bu proses Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi, Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi və ölkəyə daxil olan valyuta həcminin artırılması baxımından da vacib hesab olunur”.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr