AZ

ABŞ və İsrail İrandakı kürdləri hərəkətə gətirsə... – GİZLİ plan

Xəbər verildiyi kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İranda kürd müxalif silahlı qruplarını fəallaşdırmaq, ölkə daxilində qarşıdurma və kütləvi üsyan mühiti yaratmaq üçün hərəkətə keçib. Bu barədə xarici mediada məlumatlar tirajlanmaqdadır.

Məqsədin cənub qonşumuzun təhlükəsizlik qüvvələrini daxili toqquşmalara cəlb etməklə rejimi zəiflətmək, paralel surətdə İsrail üçün təhlükəsizlik baxımından əlverişli tampon zonalar formalaşdırmaq olduğu bildirilir.

Bu fonda bir sıra suallar da ortalığa çıxıb. ABŞ və İsrail həqiqətənmi İrandakı kürd qruplaşmalarını fəallaşdırıb nəyəsə olacaq? Quru əməliyyatları regionu genişmiqyaslı və nəzarətsiz müharibəyə sürükləyə bilərmi? İran buna hansı cavabları verə bilər və bu proses Cənubi Qafqaz da daxil olmaqla, bölgə üçün hansı riskləri yaradır?

Siyasi şərhçi Azər Hüseynov burada istənilən varianti mümkün sayır. O, Musavat.com-a açıqlamasında Azərbaycanın bu proseslərdə vasitəçi olma ehtimallarından da söz açdı: “Amerikanın İrana qarşı “kürd kartı”ndan istifadə etmək ehtimalı əlbəttə mümkündür. Lakin İraq və Suriyadan fərqli olaraq, hazırda aktiv şəkildə fəaliyyət göstərən kürd qrupları İranda mövcud deyil. Onların yenidən aktivləşdirilməsi, silahlandırılması və əməliyyata cəlb edilməsi müəyyən vaxt tələb edəcək. Bu zaman ərzində İranda da onların qarşısında dayanan müqavimət sistemi inkişaf edə bilər. ABŞ-ın bu sahədəki təcrübəsi göstərir ki, kürdlərin İrana qarşı istifadəsi kifayət qədər güclü ehtimaldır. Çünki ABŞ, İraq, Suriya və Əfqanıstandakı təcrübələrindən görüb ki, uzunmüddətli yerüstü əməliyyatlar uğurlu nəticə vermir. ABŞ daha çox sürətli və qısamüddətli əməliyyatlarda üstünlük qazanır.

Kürdlərin İrana qarşı istifadəsi zaman tələb edir. Onların silahlandırılması, təlimi və koordinasiyası lazımdır. İran kürdləri isə Suriyada və İraqda olan kürdlər kimi daim aktiv deyillər. Hətta bir ehtimal da budur ki, Türkiyəyə qarşı istifadə edilən “kürd kartı”nı, Suriyadakı kürdlərin bir hissəsini İran istiqamətinə yönəltmək olar. Amma bu da logistika, tranzit və digər imkanlar tələb edir. Hər halda xüsusilə havadan İranın inkişaf etdirdiyi pilotsuz təyyarə texnologiyası buna ciddi cavab verə bilər.

Digər tərəfdən ehtimal edirəm ki, Livan istiqamətində də “Hizbullah”a qarşı gələcəkdə yeni Suriya hökumətini istiqamətləndirmək cəhdləri ola bilər. Bunun müqabilində isə Suriyanın yeni hökumətinə İsrail təhlükəsizlik zəmanəti verə bilər. Belə olarsa və orada da “Hizbullah” ortadan qaldırılarsa, İsrail Livana tam nəzarəti ələ ala bilər. İran isə bütün bunlara qarşı “Taliban”la yaxınlaşa bilər. Nə üçün? Birdən bəluc “kartı” da oynanılsa, “Taliban” ilə birlikdə onu zərərsizləşdirmək üçün.

Gördüyümüz kimi, bölgədə proksi güc olmadan heç super güc də hərəkət edə bilməz. Amma təbii ki, müharibənin bitməsi və hamının danışıqlara dönməsi daha gözəl olardı. Bu proseslərdə Azərbaycanın gələcəkdə vasitəçi kimi xüsusi rol alma ehtimalı yüksəkdir. Çünki bölgədə yeganə, bunu istisnasız deyirəm, balanslı xarici siyasət yürüdən və manevr qabiliyyəti yüksək ölkə Azərbaycandır”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
9
50
musavat.com

10Mənbələr