AZ

Azərbaycan coğrafi mövqeyi və infrastruktur yatırımları ilə Avropa ilə Asiyanı birləşdirən əsas halqadır – Müsahibə

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycanın regional və qlobal səviyyədə artan rolu bu gün demək olar ki, bütün siyasi platformalarda etiraf olunur və təqdirlə qarşılanır. Həyata keçirilən enerji və nəqliyyat layihələri ölkənin Avrasiya məkanında strateji mövqeyini daha da gücləndirir. Qloballaşma və milli dövlət mübahisələri üzrə tədqiqatçı, Topçubaşov Mərkəzinin eksperti Turan Qafarlı AZƏRTAC-a müsahibəsində bütün bunlar və Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə qarşılıqlı münasibətləri barədə danışıb.

- Azərbaycanın milli maraqları və regional iqtisadi inteqrasiyası baxımından Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq hansı strateji imkanlar yaradır?

- Azərbaycan həm coğrafi mövqeyi, həm də infrastruktur yatırımları ilə Türk dünyasını, eləcə də Avropa və Asiyanı birləşdirən əsas halqaya çevrilib. Bu xətt yalnız tranzit deyil, sənaye əməkdaşlığı, investisiya axınları və qarşılıqlı ticarət həcminin artması deməkdir. Eyni zamanda, müdafiə sahəsində ortaq layihələr, hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik koordinasiyası təşkilatın funksional çəkisini artırır. Artan əhali, genişlənən bazar və yüksələn iqtisadi potensial fonunda Türk Dövlətləri Təşkilatının nüfuzu qarşıdakı illərdə daha da artacaq və bu prosesdən ən çox faydalanacaq ölkələrdən biri məhz Azərbaycan olacaq.

- Qloballaşma prosesləri fonunda, Azərbaycan Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulub. Eyni zamanda, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Azərbaycanın yeni bir platformaya üzv olmasının regional təhlükəsizliyə, ölkənin enerji və nəqliyyat dəhlizləri ilə bağlı planlarına, eləcə də xarici siyasət prioritetlərinə mümkün təsirləri nədən ibarət ola bilər?

- Azərbaycanın Sülh Şurasına təsisçi üzv dəvət olunması heç də təsadüfi deyil. Son illərdə Azərbaycan konstruktiv dialoqu sayəsində Şərqlə Qərb arasında körpü rolunu oynaya bilib. Ötən ilin avqustunda Vaşinqtonda keçirilən görüş, ABŞ-nin vitse-prezidenti Cey.Di. Vensin Bakıya səfəri və imzalanan sənədlər də münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir. Bu platformaya üzvlük və strateji tərəfdaşlıq çərçivəsi regional təhlükəsizlik baxımından Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Çünki enerji və nəqliyyat dəhlizləri artıq təkcə iqtisadi layihə kimi dəyərləndirilmir, eyni zamanda, qlobal təhlükəsizlik arxitekturasının elementi kimi qiymətləndirilir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Orta Dəhliz və Zəngəzur istiqamətində təşəbbüsləri belə bir beynəlxalq dəstək fonunda daha dayanıqlı xarakter alır. Eyni zamanda, bu addım xarici siyasət prioritetlərinin şaxələndirilməsi baxımından da əhəmiyyətlidir.

Sabit və proqnozlaşdırılan tərəfdaş

- Azərbaycan həm Orta Dəhlizdə, həm də “Şimal-Cənub” marşrutlarında mərkəz oyunçu qismində çıxış edir. Azərbaycanın enerji və nəqliyyat layihələri Avrasiya məkanında güc balansına və ölkənin strateji çəkisinə necə təsir göstərir?

- Azərbaycanın həm Orta Dəhlizdə, həm də “Şimal-Cənub” nəqliyyat marşrutunda mərkəzi oyunçuya çevrilməsi ölkənin strateji çəkisini real rəqəmlərlə təsdiqlənən səviyyəyə qaldırıb. Orta Dəhliz üzrə daşımalar son illərdə kəskin artıb. Enerji sahəsində isə Azərbaycanın təsiri daha aydındır: Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya illik 12 milyard kubmetrədək qaz ixrac olunur və ümumi ixrac potensialı 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılmalıdır. Azərbaycan qazı hazırda Avropa İttifaqının 10 ölkəsinə tədarük edilir və bu, xüsusilə enerji böhranı fonunda ölkənin geosiyasi əhəmiyyətini artırıb. Paralel olaraq yaşıl enerji layihələri və Mərkəzi Asiya ilə “yaşıl enerji körpüsü” təşəbbüsləri Azərbaycanın gələcək enerji xəritəsində rolunu daha da genişləndirir. Beləliklə, enerji təhlükəsizliyi, logistika dayanıqlılığı və alternativ marşrutların aktuallaşdığı bir dövrdə Azərbaycan həm sabit, həm də proqnozlaşdırılan tərəfdaş kimi çıxış edir və bu, uzunmüddətli perspektivdə ölkənin strateji mövqeyini daha da gücləndirir.

Müxbir - Günel Türksoy

Seçilən
13
azertag.az

1Mənbələr