AZ

200 dən çox rus Bakı üzərindən xilas edildi Moskvadan cavab gözlənilir

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranda müharibə başlayandan sonra bölgədə qalan Rusiya vətəndaşları Azərbaycan üzərindən təxliyə edilir. Buna baxmayaraq, vaxtilə AZAL-a məxsus təyyarənin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulması ilə bağlı məsələ hələ də hüquqi qiymətini almayıb və hadisəyə görə məsul şəxslər cəzasız qalır.

Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə deyib ki, bu təxliyə prosesi Azərbaycanın növbəti dəfə tərəfsiz mövqe sərgiləməsinin və humanizm prinsiplərinə üstünlük verməsinin bariz göstəricisidir:

“Rusiya təəssüf ki, son dövrlərdə, xüsusilə də AZAL-a məxsus təyyarə vurulduqdan sonra Azərbaycana qarşı dost mövqe sərgiləmir. Bu məsələ indiyədək açıq qalır, cinayətkarlar cəzalandırılmayıb, təzminat məsələsi də həllini tapmayıb. Rusiya ərazisində azərbaycanlılara qarşı müəyyən demarşlar müşahidə olunur. İş adamlarımız, diaspor rəhbərlərimiz, ictimai-siyasi mühitdə təmsil olunan şəxslər hədəfə alınır. Bütün bunlara rəğmən, Azərbaycan öz humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirir. Digər ölkə vətəndaşları kimi çoxsaylı Rusiya vətəndaşları da İrandan Azərbaycan üzərindən təxliyə olunur. Proses davam edir və davam edəcək”.

Arzuxan Əlizadə

Deputat xatırladıb ki, bu proseslərin gedişatında Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk, eləcə də xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycana səfər etdilər:

“Onlar Prezident İlham Əliyevlə görüşərək AZAL-a məxsus təyyarənin vurulması məsələsinin həll ediləcəyini, hadisə ilə bağlı qanun çərçivəsində ədalətli araşdırma aparılacağını və nəticə barədə Azərbaycana məlumat veriləcəyini bildirdilər. Hər halda gözləyirik. Təbii ki, bu məsələ diqqət mərkəzindən kənarda qala bilməz. Eyni zamanda, İranda baş verən hadisələr fonunda rəsmi Bakı öhdəliklərini yerinə yetirir. Bu, həm beynəlxalq hüquq, həm də ədalət baxımından doğru və prinsipial mövqedir”.

Qeyd edək ki, fevralın 28-i saat 08:00-dən martın 4-ü saat 14:00-a qədər 246 Rusiya vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə martın 4-də keçirdiyi brifinqdə Azərbaycana təşəkkür edib.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
131
globalinfo.az

1Mənbələr